“Hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri olan cənab Valeri Zalujnının Ukrayna prezidenti təyin edilməsi müharibənin gedişatında ciddi bir dönüş nöqtəsi ola bilər”.
Bunu Yenicag.az-la söhbətində britaniyalı politoloq Neil Uotson deyib.
Siyasi təhlilçi Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının Ukrayna prezidenti seçiləcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib:
“Zalujnı, çox yaxın vaxta qədər Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı idi, lakin Zelenski ilə yaşadığı fikir ayrılığı səbəbindən vəzifəsindən uzaqlaşdırıldı. O, praqmatik bir fiqurdur, həm Ukrayna xalqının, həm də ordunun hörmətini qazanıb. Ən vacib məqam isə odur ki, o, Zelenski deyil və Qərbin kuklası olmaqla bağlı ittihamlardan kənarda qala bilər. Hətta Rusiyanın belə onun vətənpərvərliyi və strategiyasına müəyyən hörməti var”.
Onun sözlərinə görə, müharibənin bu qədər uzanmasının əsas səbəbi Zelenski və Putin arasındakı şəxsi qarşıdurmadır:
“Əgər Zelenski Zalujnı ilə əvəz olunsa, bu, danışıqlar üçün bir katalizator rolunu oynaya bilər, xüsusilə də Tramp administrasiyasının Ukraynaya dəstəyi azaltmaq hədələri və Trampın Rusiya ilə xüsusi münasibətləri fonunda. Bu, Ukrayna və Avropa İttifaqının istədiyi sülh müqaviləsi olmasa da, uzunmüddətli sülh üçün bir zəmin yarada bilər”.
Rafi Müslümov
www.yenicag.az