Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin “Erməni kilsəsi və terror: Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı kitabı nəşr edilib.
Yenicag.az xəbər verir ki, bu Zaur Əliyevin sayca 14-cü kitabıdır.
Zaur Əliyev yeni nəşr edilən kitabı barədə bunları deyib:
“XVIII əsrin əvvəllərindən etibarən Çar Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə edib. Ermənilər də Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilərdə sonralar öz dövlətlərini yaratmağa nail olublar. Bu işdə isə onlara açıq-aşkar dəstək verən erməni kilsəsi olub. Təqdim edilən kitab ermənilərin milli kimlik davasından başlayaraq, bu gün Ermənistan Respublikasının terror siyasətinə qədərki dövrü əks etdirir. Kitabda erməni kilsəsinin yaranması, alban kilsələri və kimliyinə sahiblənməsi, oğurlanmış alban adları və abidələri, erməni milli psixologiyası və elmdə mövcud olan erməni xəstəliyinin tibbi analizi, uydurma erməni soyqırımı və erməni kilsəsinin fəaliyyəti, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər məsələr əks edilib. Kitab yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir kitablara istinad edilərək çapa hazırlanıb. Müəllif kitabda ermənilərin Qafqaza gəlmə olmasını və burda tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini mənbələr əsasında sübut edib”.
Kitab Erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır.
Kitab “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin dəstəyi ilə çap edilib. Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır. Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
www.yenicag.az