Zelenskinin gizli diplomatiyası: “Suriyadan Mərkəzi Asiyaya qədər..."
“Rusiya işğal zonalarını genişləndirməyə çalışdığı halda, Ukrayna həm hərbi müqavimətini gücləndirir, həm də diplomatik fəaliyyətini davam etdirir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, Yaxın Şərqdə artan gərginlik fonunda Rusiya-Ukrayna müharibəsinin mövcud durumundan bəhs edib.
Politoloq bildirib ki, cəbhədə hələlik ciddi bir dəyişiklik müşahidə olunmur:
“Rusiya işğal zonalarını genişləndirməyə çalışdığı halda, Ukrayna həm hərbi müqavimətini gücləndirir, həm də diplomatik fəaliyyətini davam etdirir. Kiyev təkcə ABŞ və Avropa ilə deyil, Avrasiya məkanında, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada da əlaqələrini fəallaşdırır. Prezident Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı təhlükəsizlik əməkdaşlığı, qaz infrastrukturu və enerji layihələri müzakirə edilib. Daha sonra onun Türkiyə liderinin təyyarəsi ilə Suriyaya getməsi və Dəməşqdə üçtərəfli görüş keçirməsi diqqət çəkib. Burada müdafiə və ərzaq təhlükəsizliyi məsələləri gündəmdə olub.
Bu paraleldə Ukrayna diplomatiyasının digər nümayəndələri də region ölkələrinə səfərlər ediblər. Xarici işlər nazirinin müavini Oleksandr Mişenko Qazaxıstan və Özbəkistanda görüşlər keçirərək əlaqələrin genişləndirilməsinə çalışıb. O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirir və iki ölkə arasında strateji tərəfdaşlığı xüsusi vurğulayır. Kiyev artıq Mərkəzi Asiya dövlətləri ilə də münasibətləri dərinləşdirməyə üstünlük verir, çünki bu ölkələr balanslı xarici siyasət yürüdərək həm böyük güclərlə, həm də Ukrayna ilə əməkdaşlıq imkanlarını qorumağa çalışırlar.
Eyni zamanda nəqliyyat marşrutları, ticarət əlaqələri və iqtisadi layihələr əsas müzakirə mövzularındandır. Ukrayna şirkətləri Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirmək, kənd təsərrüfatı və texnika ixracını artırmaq potensialına malikdir. Kiyevin Transxəzər dəhlizinə marağı da artır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın humanitar təşəbbüsləri, o cümlədən ukraynalı uşaqların reabilitasiyasına dəstək göstərməsi diqqət çəkir. Gələcəkdə bu ölkələrin Ukraynanın bərpasında iştirak ehtimalı yüksəkdir və bütün bu addımlar Kiyevin regiondakı enerji və nəqliyyat layihələrində aktiv rol almaq niyyətini göstərir”, deyə o bildirib.
Nəsimi Ələsgərli













