Qazaxıstanda daşqından sonra yığılan 1 milyard kubmetrə yaxın su Xəzər dənizinə yönəldilib.
Qazaxıstanın Su Təsərrüfatı Nazirliyi açıqlamasında bildirib ki, Atırau vilayətində sel suları 4 kanal vasitəsilə Xəzər dənizinə axıdılıb.
Bu açıqlamaya görə, bu kanallar sutkada 12 milyon kubmetrə qədər su keçirə bilir. Hər kanalda mütəxəssislər tərəfindən təmizləmə, bərkitmə və digər işlər görülüb.
Bundan əlavə, suyun Xəzər dənizinə axıdılması üçün 14,5 kilometr uzunluğunda daha bir kanal qazılıb. Xəzər dənizinə daxil olan suyun həcmi 1 milyard kubmetrə yaxındır.
Bəs Qazaxıstanda sel sularının Xəzərə axıdılması dənizə hər hansı mənfi təsir göstərə bilərmi?
Mövzu ilə əlaqədar Yenicag.az-a açıqlama verən ekoloq Cəmşid Bəxtiyar deyir ki, sel suların Xəzər dənizinə axıdılması düşünürəm ki, gələcək heç bir fəsadla nəticələnə bilməz.
“Qazaxıstanda təbii fəlakətlərin aradan qaldırılması üçün çıxış yolunun tapılması sevindirici haldır. Sel sularının Xəzər dənizinə axıdılması ən ağıllı tədbirdir. Fikrimcə, Qazaxıstan rəhbərliyi tərəfindən belə addımın atılması müsbət haldır.
Sel suların Xəzər dənizinə axıdılması düşünürəm ki, gələcək heç bir fəsadla nəticələnə bilməz. Ona görə ki, bir milyard kubmetrə yaxın su Xəzər Dənizi üçün o qədər də böyük artım deyil”, – deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, Xəzər dənizinin səthinin sahəsi 370 min kvadrat kilometrdir:
“Riyazi hesablamalarla 1 milyard kubmetr suyu 370 min kvadrat kilometrə yayıldığını hesablasaq, bu suyun səviyyəsinə 2,7 sm yüksəklik əlavə edəcək. Bu da Xəzər dənizi üçün önəmli artım deyil.
Əslində, suyun daha çox artmasını arzulayırıq. Çünki son illərdə Xəzər dənizində sahilin geri çəkilməsi müşahidə olunur. Bunun qarşısının alınması üçün də yollar axtarılmalıdır. Ona görə də, Qazaxıstandan axıdılan sel sularının Xəzər dənizində hər hansı mənfi nəticə ilə üzləşəcəyi, hər hansı fəsad törədəcəyi gözlənilən deyil”.
İsmayıl Bakuvi
www.yenicag.az