15 Sentyabr: “Bir millət, iki dövlət” sözünün yüzillik təsdiqi – Tənzilə Rüstəmxanlı yazır

media-hightechnic-468x90

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə müsəlman Şərqinin tarixində yeni səhifə açdı. Bu dövlət ilk demokratik respublika kimi müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə oldu.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun yıxılması üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Bu baxımdan 15 sentyabr Bakının düşmən işğalından azad olunması ilə birlikdə Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin təsdiqlənib tarixə yazıldığı mühüm gündür.

Nuri Paşa Kıllıgil komandanlığında Qafqaz İslam Ordusunun Azərbaycanı və onun paytaxtı Bakını heç bir qazanc və talan güdmədən azad etmək uğrunda apardığı müharibə və mübarizə nümunəsi tarixdə nadir hallarda rast gəlinən bir hadisədir. Yeməklərini paylaşan, bir-birinin yarasını saran, bir-biri üçün dua edən iki qardaş qüvvə, Azərbaycan və Türkiyə əsgərləri Azərbaycanda müsəlman və türk varlığına son qoymağa çalışan düşmən qüvvələrinə qarşı çiyin-çiyinə dayanaraq böyük qələbə qazandılar. Türk və Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirdiyi birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı oldu.

Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Fəaliyyət göstərdiyi dövrdə Qafqaz İslam Ordusu Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından azad etdi. Bu gün Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi ucaldılıb. Bu, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının, əbədi birliyinin rəmzidir. Türkün şanlı tarixini vərəqlədikcə müxtəlif dövrlərdə baş verən və qələbə ilə nəticələnən hadisələr arasında bir ümumi cəhəti görmək olur: tarixdə dönüş yaradan türkün zəfəri, eyni zamanda ədalətin, sülhü bərqərar etməyin, dinc yaşamağın təntənəsidir.

Xalq Cumhuriyyətindən 100 il sonra Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türkün tarixinə daha bir şanlı səhifə yazdı: Ermənistan kapitulyasiya aktını imzaladı və torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu Qələbəni millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyi, Nobel mükafatı laureatı Əziz Səncər isə Qurtuluş savaşından sonra Türk dünyasının ən önəmli Zəfəri kimi dəyərləndirib.

Yeri gəlmişkən, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu: 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə Türkiyə liderinin, türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi. Ulu öndər Heydər Əliyevin milli, tarixi və məntiqi əsaslara söykənən “bir millət, iki dövlət” kəlamının təsdiqi bu gün Azərbaycan və Türkiyənin birgə fəaliyyətində, sarsılmaz qardaşlığında və müttəfiqliyində öz təsdiqini tapır.

Tarix sübut etdi ki, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bölgədə əmin-amanlığın təminatı üçün vacib amildir. Bir yumruq kimi birləşən iki qardaş xalq türk qüdrətinin və kimliyinin dünyada möhürünü vurur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa