230 cüdoçunun Qusarda mübarizəsi
Qusar Olimpiya İdman Kompleksində 1997-1999-cu illər təvəllüdlü oğlanlar arasında cüdo üzrə Beynəlxalq turnirə start verilib.
Beş gün davam edəcək yarış Azərbaycan Cüdo Federasiyasının, Qusar Rayon Gənclər və İdman İdarəsinin və “İnter Peşəkar İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq turnirdə Azərbaycan, Rusiya və Gürcüstandan 230 idmançı doqquz çəki dərəcəsində medallar uğrunda mübarizə aparır.
Dostluq turnirinin iştirakçıları yarışdan əvvəl ulu öndər Heydər Əliyevin Qusar şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər.
Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin baş katibi Elnur Camalxanov Qusarda keçirilən Beynəlxalq turnirin əhəmiyyətindən, cüdo idman növünün ölkəmizdə inkişafından söz açıb. Bildirilib ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramında yer alan bu idman növü ölkəmizdə çox populyardır və idmançılarımız cüdo yarışlarında yüksək nailiyyətlər qazanıblar.
Digər çıxış edənlər də yarış iştirakçılarına uğurlar arzulayıb, artıq üçüncü dəfə keçirilən ənənəvi beynəlxalq dostluq turnirinin idmançılarının təcrübə toplamasında olduqca əhəmiyyətli olduğunu vurğulayıblar.
Açılış mərasimindən sonra dostluq turnirində ilk qarşılaşmalara start verilib.
Dekabrın 23-dək davam edəcək yarışda qalib gələn idmançılar təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
(azertag.az)