Tanınmış aparıcı Şəhriyar Əbilovun Yenicag.az-a müsahibəsini təqdim edirik.
– İmicinizi tez-tez dəyişirsiz…
– Əslində, bu stili sevmirəm, sadəcə olaraq, “Lal yuxu” serialında oynadığım obraza görə dəyişmişəm.
– Bir dəfə müsahibənizdə sevgilisini öldürən qatil rolunda oynamaq istədiyinizi demişdiniz. Arzunuza çatdınız?
– Hələ yox. Əslində, mən görünüş olaraq qatilə bənzəmirəm. Bizdə çox vaxt qatil roluna qəddar simalı, kobud görünüşlü aktyorları seçirlər. Amma Hollivud filmlərində qatili nurani simalı insanlar oynayır. Adama təəccüblü gəlir ki, bu, necə gözəl insandır, ona ürəyini verə bilərsən. Əslində isə hadisələrin gedişində görünür ki, həmin adam manyakdır. Bu obrazlar insanlara daha maraqlı gəlir.
– Yəni deyirsiniz ki, bu mələk simanızın arxasında bir qəddar manyakın obrazını üzə çıxartmaq olar?
– Olar. Bu da ssenari və peşəkar rejissordan asılıdır.
– Xasiyyətcə qəddarsınız?
– Yox, mən qarışqanı belə tapdalamıram.
– İnsan təbii ki, ona olunan pisliklərdən də sığortalanmayıb. Sizə olan pisliklərə münasibətiniz necə olur?
– Təbiət etibarı ilə güclü insanam. Amma həssaslığım da var. Əvvəllər həssaslığımı nümayiş etdirirdimsə, indi bunu büruzə vermirəm. Əgər haqsızlıqlar olmasa, biz yaxşının qədrini bilmərik.
– Kin saxlayırsınız?
– Yox. Kinli deyiləm, heç vaxt kimisə cəzalandırmıram. Kinli insanlar qisas alır. Mən bağışlayıram, amma yadımda da saxlayıram ki, bu insan haçansa mənə pislik edib.
– Subay, xarizmatik kişi…Yəqin xanım heyranların sayı-hesabı yoxdur?
– Yalan deməyəcəm, qadınlardan diqqət hiss edirəm, amma danışmağa qorxuram; bilirəm ki, başlığa elə cümlə çıxaracaqsınız ki… Sizi qınamıram, yazını oxutmaq istəyirsiniz, amma savadsız kütlə elə başlığa baxıb, qərarını verir.
– Siz savadlı kütləni nəzərə alın…
– Əslində, mən həmin kütlə üçün danışıram. Hamıya ürəyimi açan kişilərdən deyiləm. Seçiciyəm. Seçici olmasaydım çoxdan evlənmişdim.
– Sizinlə evlənmək üçün hansı xanımların şansı böyükdür?
– Özünə hörmət edən xanımların.
– Bəs gözəllik?
– İnsan gözü ilə baxır, şüuru ilə qəbul edir və ürəyi ilə sevir.
– Qadın tərəfindən aldadılmısız?
– Yüngülvari olub.
– Heyif çıxmısız?
– Heç vaxt. Mən onları uğurlarımla yandırıb tökürəm.
– Ananızın gəlinini necə təsəvvür edirsiz?
– Əxlaqı gözəl, keçmişi təmiz, özünəhörmət edən xanım…
– Birdən ürəyiniz sözünüzə baxmasa, onda necə?
– Heç vaxt “heç vaxt mən bunu etmərəm” demə. Ağıllı-ağıllı danışmaq lazım deyil. Demirəm ki, filankəsi almaram. Sevgi sərhəd tanımır. Biz İsa peyğəmbərdən müqəddəs deyilik. Gözünün qabağında Mariyanı daşlayanlara deyir ki, kimin günahı yoxdursa, birinci daşı o atsın. Hamımızın günahı var, əsas odur ki, insanı bataqlıqdan çıxara bilək.
– Bəs cəmiyyətin qınağı?
– Heç kimdən qorxmuram… Allahdan başqa. Amma dualarımda da demişəm ki, Allah məni dəli və alınmayan sevgidən qorusun, bu sevginin faydası yoxdursa, onu məndən uzaq etsin.
– Qızlar ağ atlı oğlan gözləyir, bəs oğlanlar?
– Mən də o qırmızı donlu qızı axtarıram.
Cəvahir
www.yenicag.az