Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 17-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafikini təqdim edib.
DİM-dən Yenicag.az-a bildirilib ki, elan üzrə 69 dövlət orqanında mövcud olan 219 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 210 namizədlə 212 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Yerli bölmələr, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Gədəbəy rayonu üzrə təhsil sektoru, Gəlirlərin icrası və uçotu sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 namizəd) vəzifəsi üzrə yaranıb.
Müsahibələrin mayın 20-dən iyulun 2-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. DİM namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
www.yenicag.az