Tramp və Netanyahu arasında "İRAN TƏRƏZİSİ": Diplomatiya bitərsə, "Çəkic zərbəsi" BAŞLAYACAQ

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdə İranla danışıqların davam etdirilməsində israrlı olduğunu bildirib. O qeyd edib ki, hələlik yekun razılaşma əldə olunmayıb, lakin Vaşinqton diplomatik yolu əsas seçim kimi görür.

media-banner_tuq

Üç saatlıq “səmərəli” müzakirə

Üç saatdan çox davam edən görüşü “çox səmərəli” adlandıran Tramp ABŞ ilə İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. O, İranla yeni nüvə sazişinin mümkünlüyünü araşdırmaq üçün danışıqların tərəfdarı olduğunu və bu mövqeyi Netanyahuya açıq şəkildə çatdırdığını bildirib. Prezident əlavə edib ki, əgər diplomatik yol nəticə verməsə, alternativ variantlar da masadadır. O, keçmişdəki hərbi əməliyyatlara eyham vuraraq “gecəyarısı çəkic zərbəsi” ifadəsini işlədib və İranın bu dəfə daha rasional davranacağına ümid etdiyini deyib.

Görüşdə ABŞ Dövlət katibi Marko Rubio, Müdafiə naziri Pit Heqset, eləcə də Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.

İran dosyesi və İsrailin tələbləri

Netanyahu Vaşinqtona İranın nüvə proqramı ilə bağlı strateji koordinasiyanı gücləndirmək məqsədilə gəlib. İsrail tərəfi danışıqların yalnız nüvə proqramı ilə məhdudlaşmamasını, həmçinin İranın ballistik raket proqramını və regiondakı proksi qruplara dəstəyini də əhatə etməsini istəyir. Təl-Əviv hesab edir ki, bu məsələlər istənilən sazişin əsas elementi olmalıdır.

Netanyahunun “hərəkət azadlığı” şərti

Məlumata görə, Netanyahu mümkün razılaşma əldə olunsa belə, İsrail ordusunun İran əleyhinə “hərəkət azadlığının” qorunmasını tələb edib. O, ABŞ-ın danışıqlardan çəkilməsi üçün konkret meyarların müəyyən edilməsini də gündəmə gətirib və Tehranın vaxt udmaq taktikasından istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ Vitse-prezidenti Cey Di Vens isə açıqlamasında qeyd edib ki, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. O bildirib ki, diplomatik razılaşma mümkün olmasa, digər variantlar da nəzərdən keçiriləcək, lakin Vaşinqtonun hərbi əməliyyata tələsmək niyyəti yoxdur.

Neft tankerləri və təzyiq variantları

Bu arada, ABŞ-ın İrana təzyiqi artırmaq üçün neft tankerlərinə qarşı sərt tədbirlər görməyi müzakirə etdiyi bildirilir. Məlumata görə, Vaşinqton İran neftini daşıyan gəmilərə qarşı sanksiyaları genişləndirə və bəzi hallarda onların saxlanılması variantını nəzərdən keçirə bilər. Lakin bu addımın Hörmüz boğazında gərginliyi artırmaq və enerji bazarlarında qiymət artımına səbəb olmaq riski mövcuddur.

Ağ Ev rəsmiləri bildiriblər ki, Tramp administrasiyası diplomatik həlli üstün tutur, amma danışıqların iflasa uğrayacağı təqdirdə bütün seçimləri masa üzərində saxlayır. Analitiklər qeyd edirlər ki, Vaşinqton və Təl-Əviv arasında ümumi məqsəd – İranın nüvə silahı əldə etməsinin qarşısını almaq – dəyişməz qalsa da, bu hədəfə çatma yolları ilə bağlı yanaşma fərqləri hələ də qalmaqdadır.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05