8 uşağın qətlində şübhəli bilinən qadın
Avstraliyanın Kvinslend ştatnın polisi Kerns şəhərində səkkiz uşağın qətlində şübhəli bilinən 37 yaşlı qadına qarşı ittiham irəli sürüb. Bu barədə Avstraliyanın hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin qadın bu uşaqlardan yeddisinin anasıdır, digər uşaq isə onun qohumudur. Dekabrın 19-da boynunda və sinəsində bıçaq yaraları olan bu qadın həlak olmuş uşaqlarla birlikdə eyni evdə aşkarlanmışdı. Xəstəxanaya yerləşdirilən qadın sonradan polis tərəfindən qətldə şübhəli bilinərək saxlanılıb.
Hazırda nəzarət altında olan qadın polis tərəfindən dindirilir. Hüquq-mühafizə orqanları hələlik qətlin səbəbləri barədə məlumat vermirlər. Yerli KİV-lərin yaydığı məlumata əsasən, həkimlər qadının qanının tərkibində narkotik maddələrin mövcudluğunu araşdırırlar.
Həlak olmuş uşaqlar 2-14 yaş arasındadır. Onların hamısının bədənində bıçaq yaralarının olmasına baxmayaraq, qətlin səbəbi hələ tam aydınlaşdırılmayıb. Avstarliyanın Baş naziri Toni Abbot bunu “ürək parçalayan” hadisə adlandırıb. Baş nazir bəyanatında bildirib: “Baş vermiş hadisə ilə əlaqədar bütün valideynlər başsağlığı verirlər. Bu cinayət, sadəcə sözlə ifadə olunası deyil”.
(azertag.az)