16:03
“ABŞ-ın yeni səfirinin fəaliyyətə başlaması bir neçə mühüm istiqamətlər üzrə münasibətlərin daha da dərinləşməsinə təkan verəcək.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litzenbergerin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərə mümkün təsirini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın yeni səfirinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək:
“ABŞ-Azərbaycan münasibətləri əsasən, dörd istiqaməti – iqtisadi, təhlükəsizlik, terrorla mübarizə və enerji istiqamətlərini əhatə edib.
Son illərdə enerji sahəsi qarşılıqlı münasibətlərin əsasını təşkil etsə də, ABŞ bir müsəlman ölkəsi olan Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakını yüksək qiymətləndirir.
Bildiyiniz kimi, Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyaların tərkibində əvvəl Kosovo, daha sonra isə Əfqanıstanda xidmət keçməkdədirlər və Vaşinqton bunu Bakının ciddi dəstəyi hesab edir.
O baxımdan, düşünmək olar ki, yeni səfirin fəaliyyətə başlaması qeyd olunan istiqamətlər üzrə münasibətlərin, ilk növbədə enerji sahəsində əlaqələrin daha da dərinləşməsinə təkan verəcək.
Bununla belə, yeni səfirin gəlişi ilə ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanmasında rolunun artacağını düşünmürəm. Çünki ABŞ-ın son iyirmi ildə Qarabağ münaqişəsinin nizamlanması prosesində təşəbbüsü Rusiyaya verdiyi nəzərə alınmalıdır”.
A.Zeynalov
www.yenicag.az