!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İranı qonşuların əli ilə vuracaq? - Təcrid planı hazırlanır

!Reklam – Yazi

Amerikalı hərbi ekspert, ABŞ Xarici Siyasət Şurasının analitiki Stiven Blank “The Hill” nəşrində “Tramp İrana öz qonşuları vasitəsilə necə zərbə vura bilər” adlı yazı dərc etdirib.

Burada o qeyd edir ki, ABŞ-ın milli təhlükəsizliyi üçün cavabdehlik daşıyan yeni komanda əsas fəaliyyət istiqamətini İrana və onun maraqlarına zərbə endirməyə yönəldib:

“Əgər Ağ Ev İranı təcrid etmək niyyətindədirsə, o zaman bu ölkənin Azərbaycan və Ermənistanla olan münasibətlərinin də korlanması istiqamətində addımlar ata bilər”. Onun sözlərinə görə, sözügedən dövlətlər İran üçün həlledici əhəmiyyət daşıyır:

“Çünki həmin iki ölkə İranın şimal sərhədindədir”.

Məsələni Yenicag.az-a şərh edən politoloq Natiq Mirinin fikrincə, Ağ Ev Tehranın Bakı və İrəvanla olan münasibətlərini korlamaq üçün plan qurur. Ancaq bununla belə, həmsöhbətimizə görə, Azərbaycanla Ermənistan sözügedən istiqamətdə addımlar atmayacaq:

“ABŞ kimi böyük bir güc İranı hədəfə alaraq, onu zərərsizləşdirmək istəyirsə, ilk növbədə bu ölkə mühasirəyə alınmalıdır. Artıq bu kontekstdə də fəaliyyətə başlayıb. Hələlik, ABŞ özü prosesə birbaşa müdaxilə etməsə də, İranla Səudiyyə Ərəbistanı arasında Yəmən üzərindən müəyyən ixtilafların yaşanmasına rəvac verib. Buradakı iranpərəst xusilərin üsyanı Əl-Riyadı İrana qarşı müəyyən addımlar atmağa təhrik edib. ABŞ dolayısı ilə Əl-Riyada ən müasir silahlar verməklə onu İranla toqquşmağa sövq edir. Digər tərəfdən, iki müsəlman ölkəsi arasında münaqişə yaratmaqla onların ikisini də özündən asılı vəziyyətə salmağa çalışır. Vaşinqton həmçinin, Misir, BƏƏ, Bəhreyn və Küveyti də İran əleyhinə olaraq ərəb koalisiyasında birləşdirmək istəyir. Bütün bunlar da birbaşa İsrailin təhlükəsizliyinə xidmət edən siyasətdir. Təbii ki, İranın mühasirəyə alınması üçün təkcə Yaxın Şərq ölkələrinin Tehrana qarşı olması yetərli deyil. Azərbaycan və Ermənistan kimi dövlətlər İranla quru sərhədində yerləşir.

Ona görə İranı tamamilə mühasirəyə almaq üçün ABŞ-ın Azərbaycan və Ermənistanla da bu istiqamətdə siyasət yürütməsi mümkündür. Ola bilsin ki, bu istiqamətdə konkret fəaliyyət də mövcuddur. Sadəcə, dövlətlər səviyyəsində açıqlanmır. Lakin o da var ki, ABŞ-ın Ermənistanla Azərbaycanı İrana qarşı cəlb etməsi məsələsi müəyyən mənada problematikdir. Azərbaycan qonşu müsəlman ölkəsilə hər hansı bir böhran yaradacaq siyasət və hadisələrə yol verməz. Bu ölkəmizin maraqlarına xidmət etməyən bir davranış olardı. Həmçinin, Azərbaycan regionda yeni bir savaşın çıxması əleyhinədir. Çünki anlayır ki, İranla hər hansı bir münaqişənin olacağı təqdirdə, regionda böyük humanitar faciə yaşanacaq. Onun da əsas əziyyətini İran daxilindəki soydaşlarımızın kütləvi miqrasiyası nəticəsində məhz Azərbaycan çəkəcək. Yəni ölkəmiz üçün humanitar faciə yaşanacaq. Ermənistan da İrana qarşı durmayacaq. Çünki İran bütün zamanlarda Ermənistan üçün əlavə oksigen rolunu oynayır. Ona görə də indiki halda ABŞ-ın Bakı ilə İrəvanı İrana qarşı qoymağa nail olması real görünmür. Vaşinqton bütün hallarda bu istiqamətdə siyasət yürüdəcək. Çünki İranı çökdürmək üçün Vaşinqtonun bu cür siyasətə böyük ehtiyacı vardır. Ancaq Bakı ilə İrəvanın buna gedəcəyi gözlənilmir. Digər tərəfdən, ABŞ dəfələrlə alət olaraq istifadə etdiyi dövlət və yaxud hərbi gücləri sonradan kənara atıb. Azərbaycan ABŞ üçün geosiyasət aləti olmaq istəməyəcək”.

ELÇİN

www.yenicag.az

1822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv