!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-la Rusiya dil tapacaqmı? - "Regionda yeni anlaşma var" - İddia

!Reklam – Yazi

ABŞ və Rusiyanın razılığı əsasında Suriyanın cənub-qərbində atəşkəs qüvvəyə minib. Atəşkəs üzrə razılaşma cümə günü G20 sammiti ərəfəsində ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putinin keçirtdiyi görüş zamanı əldə edilib.

Atəşkəs razılaşması Suriya ilə Livan sərhəddindəki Dera, Kuneyta və Əs-Süveyda şəhərlərində qüvvəyə minib.
Bu razılaşma fonunda düşünmək olarmı ki, artıq Suriya məsələsində Vaşinqtonla Moskva ən azından diplomatik sahədə birgə çalışmağa başlayacaqlar? Digər tərəfdən, belədə Suriyada artıq vəziyyətin stabilləşməyə doğru gedəcəyini zənn etmək olarmı?

Məsələni Yenicag.az-a şərh edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti Nazim Cəfərsoyun fikrincə, Suriya məsələsində Vaşinqtonla Moskva arasında əməkdaşlığın baş tutma imkanları genişdir:

“Prosesin başladığı ilk illərdən, hələ Obama dövründə belə Suriya məsələsinin ABŞ-la Rusiya arasındakı münasibətlərdə ən əhəmiyyətli rəqabət nöqtələrindən biri olmadığını söyləmişdim. Yəni onlar Suriya istiqamətində elə də fərqli mövqelərdə deyillər. Çünki İŞİD problemi onlar üçün əhəmiyyətli bir məsələ idi. Hətta Obama dövründə Suriya məsələsi ABŞ-la Rusiya arasında rəqabətdən daha çox əməkdaşlıq mühitində davam edib. Düzdür, tərəflər arasında həm Əsədin gələcəyi, həm regionun gələcək akkordları məsələsində fərqli fikir və mövqelər olub və bu fərqliliklər qalmaqdadır. Bu hal da zaman-zaman müəyyən gərginliklərə səbəb olub. Lakin ümumi qlobal planda – Suriya məsələsində (xüsusən də Moskvanın ora hərbi müdaxiləsindən sonra) Amerika-Rusiya münasibətlərində gərginlik kritik bir həddə yüksəlməyib. Tərəflər həm ikili münasibətlər səviyyəsində, həm də beynəlxaq müstəvidə müəyyən diplomatik gedişlər etsələr də, ümumən müəyyən bir nöqtədə razılaşıb, ya da konsensusa gələ biliblər. Xüsusən də İŞİD problemi onları birgə əməkdaşlığa sövq edirdi. Baxın, Obama administrasiyası Ukrayna məsələsilə əlaqədar Rusiyaya ciddi sanksiyalar tətbiq etsə də, Suriya məsələsində münasibətlərin son dərəcəyə qədər gərginləşdiyini müşahidə etmirik.

Ümumi mənada tərəflər müəyyən bir kontekstdə razılaşırdılar. Trampın səfərindən sonra Vaşinqtonla Moskva arasında istiləşmə olacağı gözlənilirdi. Bu istiləşmənin də özünü daha çox Suriya məsələsində göstərəcəyi istisna edilmirdi. Ancaq daxildə Tramp sıxışdırılınca, o da Rusiya məsələsində bir qədər sərt mövqe tutmalı oldu. Ancaq o dövrdə belə Trampla Putin arasında Suriya məsələsində hansısa gərginliyin meydana çıxdığını müşahidə etmədik. Olan gərginlik də ancaq konyuktur gərginlik səciyyəsi daşıyırdı. Bu fonda Suriya məsələsində Ağ Evlə Kreml arasında daha genişmiqyaslı əməkdaşlıq gündəmə gələ bilər. Lakin bütün hallarda bu o demək deyil ki, Suriya məsələsində hər iki tərəf bütün proses boyu tamamilə eyni fikri bölüşəcək. Hər iki tərəfin öz maraqları, Yaxın Şərqə yönələn layihələri var. Ancaq bu gərginliyin də iki ölkə arasında böyük böhrana səbəb olacağını düşünmürəm. Hətta əməkdaşlıq kontekstində addımların daha da çoxalacağını zənn edirəm. Hazırda Suriyada iki ölkə arasındakı münasibətlərdə daha çox əməkdaşlıq məsələsi gündəmə gəlib. G20- nin başa çatan sammitindən sonra bu istiqamətdə daha ciddi addımların atılacağını da düşünmək olar. Çünki İŞİD artıq məğlub edilib. Bu kontekstdə regionda yeni birlik razılaşması var. G20 sammitində Trampla Putinin görüşməsi də bu razılaşmanın yeni konturlarıdır. Belə olan halda İŞİD-in məğlubiyyətindən sonra Suriyada stabilliyin olacağı gözlənilir. Amma bu stabillik yalnız regiondakı qlobal və daxili aktyorların müəyyən bir tarazlığı saxlaması fonunda mümkündür”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv