“Vaşinqtonun birbaşa Ermənistanı silahlandırması ilə bağlı həqiqətləri əks etdirən məlumatları cəfəngiyat adlandırması və ümumiyyətlə, bu məsələdə konkret olaraq Ermənistan necə və niyə silahlandırması ilə əlaqəlişərhlər verməsindən boyun qaçırmasında təəccüblü heç nə yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil İsgəndərov deyib.
Siyasi təhlilçi ABŞ-nin Ermənistandakı səfiri olan Kristina Kvienin Vaşinqtonun İrəvanı silahlandırması ilə bağlı səslənən iddiaları cəfəngiyat adlandırması məsələsinə toxunub.
S. İsgəndərov düşünür ki, əgər amerikalılar bununla bağlı açıqlama versəydilər, təəccüblü görünərdilər:
“Çünki açıqlama versəydilər, onlar açıq şəkildə etiraf etməliydilər ki, bu prosesə həyata keçirirlər. Bu isə ABŞ-nin simasının tam şəkildə ifşa olunması demək olardı. Əgər bir dövlət hər vəchlə moderatorluq iddiasındadırsa, onda tərəflərdən birini konkret şəkildə silahlandırması heç də sözügedən missiyaya uyğun gəlmir.
Burada maraqlı məqam odur ki, Ermənistana gələn təyyarələrdəki hərbi texnikalar və hərbçilərin çoxu Qərbi Zəngəzurda yerləşdirilib. Niyə Rusiya qoşunları İrəvandakı “Zvartnots” Beynəlxalq Hava Limanından çıxandan 2 gün sonra ABŞ hərbçiləri Qərbi Zəngəzura gətirildi? İkinci bir tərəfdən, biz burada ABŞ-dən hansı etirafı gözləyirik? Onlar hansı işi və etirafları boyunlarına alıblar ki?”
“Bilirik ki, bəşər tarixində yeganə dövlət ABŞ-dir ki, onlar dinc əhaliyə qarşı nüvə silahını işlədiblər. Lakin onlar buna görə yapon xalqından heç üzr belə istəməyiblər. Əksinə, onlara hədə-qorxu gəlirlər ki, əgər üzr tələbi olarsa, ABŞ bu adamlarla haqq-hesab çəkəcək. Eləcə də Rusiya-Ukrayna müharibəsində ABŞ hansı cinayətlərini etiraf edib? Yaxud İraq müharibəsində ABŞ-nin vitse-prezidenti Dik Çeyni BMT-nin Təhlükəsizlik Şurasında ampula çıxararaq göstərdi ki, guya Səddam Hüseyn rejimi İraqda bakterioloji silah hazırlamaqla məşğuldur. Amerikalılar bütün bunların yalan olmasını etiraf ediblərmi?”, – deyə o, əlavə edib.
Mütəxəssis sual edib ki, əgər bu cür böyük cinayətlərə səbəb olmuş addımlarını onlar etiraf etmirlərsə, heç kimə lazım olan Ermənistanın silahlandırılmasını necə etiraf edəcəklər?
Bu mənada ölkəmiz konkret olaraq ABŞ-nin regiona sülh gətirmək adı altında olan bəyanatları ilə razılaşmamalı və buna etirazını bildirməlidir. Hətta yeri gələrsə, məsələ hətta BMT-nin Təhlükəsizlik Şurasının iclasına da çıxarılmalıdır.
Böyük siyasətdə təsadüf yoxdur və bunların hamısı qanunauyğunluqlardır. Təsəvvür edək ki, avqustun 2 və 3-də Ermənistana ABŞ-dən hərbi silah-sursat gətirilir, avqustun 6-da isə Ukrayna Kurska hücuma keçir. Sizcə, bunlar təsadüfdürmü? Əslində, Kurska hücum Rusiyanın Cənubi Qafqazdan diqqətini yayındırmaq məqsədini güdür. Ona görə də ABŞ-dən bu etirafı gözləməyin özü sadəlövhlükdür”.
Rafi Müslümov
www.yenicag.az