ABŞ prezident seçkilərinə hazırlaşır
ABŞ-da gələn il keçiriləcək prezident seçkilərinə hazırlıq gedir. İlkin mərhələdə ictimaiyyəti əsas namizədlərin kim olacağı maraqlandırır. Əsas mübarizə demokratlarla respublikaçılar arasında baş verir. Son on ildir ölkəyə Demokrat Partiyasının təmsilçisi başçılıq edir. Buna görə də Respublikaçılar Partiyası hakiməyyətə gəlmək üçün daha ciddi namizədlər üzərində düşünür.
Yenicag.az anspress-ə istinadən bildirir ki, namizədlərdən biri Mitt Romni olsa da, o, bu missiyanı üzərinə götürməkdən imtina edib.
M.Romni deyib ki, 2016-cı ildə keçiriləcək çeçkilərdə prezidentliyə namizəd olmayacaq: “Mən bu qərara uzunmüddətli düşüncələrdən sonra gəldim. Düşünürəm ki, növbəti prezident seçkilərində iştirak üçün partiyamızın başqa liderlərinə imkan yaratmaq lazımdır.”
Xatırladaq ki, M.Romni iki dəfə keçirilən prezident seçkilərində iştirak edib. O, 2008-ci ildə öz namizədliyini respublikaçı Con Makkeynin xeyrinə geri götürüb, 2012-ci ildə isə indiki prezident Barak Obamaya uduzub. Respublikaçı namizəd sonuncu seçkilərdə Rusiyanı “əsas geosiyasi rəqib” adlandırıb.