!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adı korrupsiyada hallanan bələdiyyə sədrini kim qoruyur: YAP, yoxsa?!

!Reklam – Yazi

Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Yenicag.az xəbər verir ki, artıq seçkinin birinci – passiv mərhələsinə start verilib.

Başda hakim Yeni Azərbaycan Partiyası (YAP) olmaqla bir çox siyasi firqələr bələdiyyə seçkilərində iştiraka qərar veriblər. Hazırda partiyalar namizədlərini müəyyənləşdirmək və sənədlərini müvafiq Dairə Seçki komissiyalarına təqdim etməkdədirlər. MSK-nın yaydığı məlumata görə, bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib. Qeyd olunub ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır.

Son zamalar ölkədə aparılan kadr islahatları yerliözünüidarə qurumları hesab edilən bələdiyyələrdə necə özünü göstərəcək? Partiyalar və yaxud da təşəbbüs qrupları namizəd müəyyənləşdirərkən daha çox nələrə diqqət edəcəklər? Ötən 5 ildə bələdiyyələrə rəhbərlik edən uğursuz kadrlarla yola “davammı, tamammı?” deyəcəklər.

Əldə etdiyimiz məlumata görə, dəyişən heç nə yoxdur… Belə ki, fəaliyyəti dövründə adı korrupsiya ittihamında hallanan və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində haqqında cinayət işi başladılan Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva yenidən namizədliyini irəli sürüb. Təəssüf doğuran məqam da ondan ibarətdir ki, Binəqədi YAP Qadınlar Şurasının sədri olan Aytac Əliyevanın namizədliyinin də elə məhz YAP-ın dəstəklədiyi vurğulanır. Əlbəttə, YAP-ın dəstəklədiyi namizədin seçkilərdən sonra sədr olma ehtimalı da çox yüksəkdir.

Qeyd olunur ki, A. Əliyeva istintaqdan yayınmaq və vaxtı uzatmaq üçün yenidən sədrliyə iddialı olduğu kimi, məqsədinə çatmaqda da israrlıdır.

Bəzi KİV-lər Binəqədi rayonunun keçmiş icra başçısı Xaləddin İsgəndərovun ən yaxın adamı kimi təqdim etdiyi A. Əliyevaya yeni başçı Elxan Allahverdiyevin də toxuna bilməməsinin əsas səbəblərindən biri kimi partiya mənsubiyyətini göstərirlər. Baxmayaraq ki, E. Allahverdiyev bir az əvvəl X. İsgəndərovun daha bir kadrı, YAP Binəqədi rayon təşkilatının sədri, A. Əliyevanın hamisi, İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarə qurumları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovu da vəzifəsindən azad edib. Deməli, YAP amili burda heç də mühüm rol oynaya bilməz, hansısa qüvvə, daha doğrusu, “gizli əl” A. Əliyevanı qorumaqda davam edir. Yox, iddia olunduğu kimi A. Əliyevanı qoruyan hakim partiyadırsa, deməli, cənab Prezidentin “bəziləri islahatlara mane olur”,- ifadəsinin ünvanı da elə məhz YAP olmalıdır.

Ölkə KİV-ləri təxminən 7-8 ay əvvəl qeyd edirdi ki, yeni icra başçısı fəaliyyətə başlayar-başlamaz sələfi Xaləddin İsgəndərovun kadrları ilə bağlı araşdırmalara başlayıb.

Hələ o zaman “Reytinq”ə daxil olan məlumatda bildirilirdi ki, artıq Binəqədi rayonunu əhatə edən bütün bələdiyyələrdə də təftişə başlayırlar:

“Bildiyiniz kimi, bələdiyyə sədrlərinin hamısı Xaləddin İsgəndərovun xeyir-duası ilə həmin postlara seçiliblər. Məhz bu faktor da indi onların karyerasını təhlükə altına atıb. Məsələn, bir neçə gündür ki, paralel olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də bələdiyyələrdə təftişə start veriblər. Maraqlıdır ki, mərkəzin yoxlama heyəti artıq Binəqədi qəsəbə bələdiyyəsini, onun sədri Aytac Əliyevanın ətrafında daha geniş yoxlama aparır”.

Aytac Əliyevanın Xaləddin İsgəndərovanın ən etibarlı kadrlarından olduğunu iddia edən mənbəmiz deyib ki, görünür, məhz bu fakt da onun ilk hədəfə gələnlər arasında olmasına səbəb verib.

Xatırladaq ki, elə həmin ərəfədə ölkə mətbuatında Binəqədi qəsəbə Bələdiyyəsindəki mənbəyə istinadən bələdiyyə iclasının gündəliyini və müzakirə olunan məsələlər barə geniş yazı dərc edilmişdi. Həmin yazıda qeyd olunurdu ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəsmi nümayəndəsinin də iştirak etdiyi iclasda bələdiyyənin bir sıra qanun pozuntularına yol verdiyi qeyd olunub: “Bunu Ədliyyə Nazirliyinin nümayəndəsi qaldırıb. Lakin iclasda iştirak edən nazirliyin nümayəndəsi Seymur müəllim ümumi sözlərdən konkretliyə varmayıb. Yəni iclasda iştirak edən bələdiyyə üzvlərinə aydın olmayıb ki, nazirliyin göndərdiyi və prokurorluğun müəyyən etdiyi qanun pozuntuları nələrdən bəhs edir. Ancaq nazirlik rəsmisi soruşdu ki, bələdiyyənin topladığı vergilər hara xərclənib? Yəni bunun hesabatını istəyən zaman bələdiyyə sədri özünü itirdi…”.

Mövzu ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinə sorğu göndərmişik. Nəticələr barədə əlavə məlumat verəcəyik.

A. Əliyevanın da məsələyə münasibətinə yer ayırmağa hazırıq./pia.az/

COP29

www.yenicag.az

1996
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv