Alimlərin bəyannaməsi qəbul olunub
Bakı şəhərində keçirilən Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi qəbul olunub.
Sənəddə Azərbaycanda dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında aparılan elmi araşdırmalarda “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarından irəli gələn vəzifələrin rəhbər tutulması bəyan olunub.
Bəyannamədə həmçinin müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün elm və təhsilin vahid sosial institut kimi inkişafının vacibliyini qeyd edilib, elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və elmin maliyyələşməsi ilə bağlı müvafiq tədbirlərin bundan sonra da davam etdirilməsinin zəruriliyi də qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Azərbaycan alimlərinin I Qurultayı bu gün başlayıb. Qurultay Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edir.
(anspress.com)