15-18 iyul tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz və Qazax rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin ev və həyətyanı sahələrə düşməsi barədə Daxili İşlər Nazirliyinin “192” Xidməti-Zəng mərkəzi sistemindən 15, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.
ANAMA-dan Yenicag.az-a bildirilib ki, daxil olmuş 19 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu Tovuz rayonun Dondar Quşqu, Ağdam, Aşağı Öysüzlü, Vahidli kəndləri, həmçinin Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd RQM-2 partladıcısının gücləndiricisi, 1 ədəd 9M33 raketinin döyüş başlığı və 11 ədəd top mərmisinin partlamış qalıqları aşkar olunub, Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qeyd olunan atəş nöqtələrinin ətrafında 1 725 kv.m əraziyə yerüstü, 107 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.yenicag.az