!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anarın əsəri əsasında çəkilmiş film iki nazirliyi necə "düşmən" etdi? - MARAQLI TARİXÇƏ

!Reklam – Yazi

Rusiyada 1969-cu ildə lentə alınmış “Hər axşam saat on birdə” («Каждый вечер в одиннадцать») filmi Moskvada iki nazirliyi bir-biri ilə necə “düşmən” etdi?

Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” hekayəsinin motivləri əsasında iki film çəkilib (Rusiya və Türkiyədə), radiopyes hazırlanıb. Əsər bir çox dillərə tərcümə edilib.

İndiki halda Rusiyada 1969-cu ildə lentəa lınmış “Hər axşam saat on birdə” («Каждый вечер в одиннадцать») filmi ilə bağlı maraqlı bir hadisəni yada salmaq istəyirəm.

Əvvəla, onu deyim ki, həmin hekayəni məşhur rus dramaturqu və yazıçısı Edvard Radzinski ssenariləşdirmişdir. Filmin rejissoru Samson Samsonovdur. Baş rolun ifaçısı isə aktyor, RF-nin Xalq artisti, şair və nəğməkar Mixail Nojkindir. Orasını da qeyd edim ki, Radzinski nədənsə (zənnimcə, yazıçının razılığı olmadan) filmdəki versiyada adları dəyişərək “ruslaşdırmışdır”.

Mənim danışmaq istədiyim əhvalat, filmin bir çox iştirakçılarının, əsasən də, “baş qəhrəman”, daha doğrusu, bu rolun ifaçısı Nojkinin xatirələri əsasında qələmə alınıb.
Hekayədə olduğu kimi, filmdə də subay qəhrəman öz dostlarının zarafatına əməl edərək telefonun sayğacını fırladır. Dostların şərti isə belə idi: “Əgər telefonda qadın cavab versə, sən onunla evlənməlisən…” Bildiyiniz kimi, telefonda məlahətli qadın səsi eşidilir… Həmin rolu RF-nin Xalq artisti Marqarita Volodina (S.Samsonovun həyat yoldaşı) ifa edirdi. Məsələ burasındadır ki, tamaşaçıların maraqla qarşıladığı film tezliklə ekrandan həyata “addımlamağa” başladı.

Belə ki, SSRİ-nin böyük şəhərlərində, xüsusən paytaxt Moskvada, demək olar ki, hər axşam saat on birdə telefonlarda, ən çox da küçələrdəki telefon köşklərindən gələn zənglərin “tıxacı” yaranırdı. Bəs bunun səbəbi nə idi?

Səbəb həm sadə, həm də mürəkkəb idi. Hər axşam saat on birdə gənclər, təbii ki, ən çox da oğlanlar ixtiyari nömrələrə zəng edir, dəstəkdə qadın və ya qız səsi eşidərkən haqqında danışdığımız filmin qəhrəmanı kimi hərəkət edir, “sarı simə” vuraraq gələcək tanışlıq üçün “nömrələr”, “bəhanələr” irəli sürürdülər.

Kimsə deyə bilər ki, burada qəribə nə var? Onsuz da həyatda filmlərin qəhrəmanlarına bənzəmək istəyən adamlar az olmayıb. Bəli, doğrudur… Amma bu “hadisədə” məsələ bir az başqa istiqamət alıb. Gecə (və ya axşam) saat 11-dən sonra telefonların uzun müddət məşğul olması əhalinin, ovaxtkı ibarə ilə desək, “zəhmətkeşlər”in narazılığına səbəb olub. Az sonra SSRİ Rabitə Nazirliyinin ünvanına saysız-hesabsız “şikayət məktubları” gəlməyə başlayıb. Sovet adamları öz müraciətlərində bu maraqlı filmin axşamlar onların telefon danışıqlarına təsir göstərdiyini yazırdılar. Rabitə Nazirliyi yeganə xilas yolunu SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə şikayət məktubu göndərməkdə gördü…

Film isə bütün maneə və təzyiqlərə rəğmən, öz “qəhrəmanları” kimi uzun illər öz “ömrünü” yaşamaqda oldu…

Yeri gəlmişkən, onu da qeyd edək ki, melodram janrında çəkilmiş bu filmə 24 milyondan çox seyirçi tamaşa edib.

Firuz Mustafa

COP29

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv