Türkiyənin paytaxtı Ankarada Beynəlxalq Turizm və Demokratiya Qurultayı (Media seminarı) keçiriləcək.
Yenicag.az xəbər verir ki, Anadolu Yayımcılar Dərnəyi tərəfindən təşkil edilən qurultay 20 sentyabrda öz işinə başlayacaq. 200 yerli və xarici media nümayəndəsinin iştirak edəcəyi qurultayda “15 iyul çevriliş cəhdi və türk mediası”, “Yaxın Şərqin gələcəyi və Türkiyə”, “Qərb mediasında mətbuat azadlığı və Türkiyə”, “Avrasiyanın gələcəyi və Türkiyə”, “Yerli media və demokratiya” mövzularında seminarlar həyata keçiriləcək.
İştirakçılar 21 sentyabr tarixində Ankaranın tarixi yerlərini gəzəcək. Beynəlxalq Mədəniyyət Turizm və Demokratiya Qurultayına Hande Fırat, Məlik Yiğitel, Şəbnəm Bursalı, Mustafa Kartoğlu, Dəniz Zeyrek, Mehmet Acet, Fatih Atik, Emin Pazarcı, Bülent Aydemir kimi təcrübəli jurnalistlərlə yanaşı beynəlxalq media qurumlarından da jurnalistlər qatılacaq. Seminarlarda akademiklər, QHT nümayəndələri və 100-dən çox Anadolu media nümayəndəsi iştirak edəcək.
Anadolu Yayımcılar Dərnəyinin sədri Sinan Burhan qurultayla bağlı bu sözləri söyləyib:
“İlk qurultayı Konyada təşkil etdik. İkincisini isə paytaxt Ankarada keçirəcəyik. Beynəlxalq, milli və yerli medianı bir araya toplayacağımız bu tədbir birlik və həmrəyliyimizə müsbət təsir göstərəcək. Müxtəlif mövzularda təşkil ediləcək seminarlar vasitəsilə dünya ictimaiyyətində ölkəmizlə bağlı yaradılmış yanlış təsəvvürləri aradan qaldıracağıq”.
Qeyd edək ki, “Yeni Çağ Azərbaycan” Media Qrupunun rəhbəri, araşdırmaçı yazar Aqil Ələsgər də media qurultayının məruzəçilərindəndir.
www.yenicag.az