Reklam

Reklam

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Bundan əvvəlki reportajlarda düşmənin ön postlara hücum etməsi, orada ağır döyüşlərin olması və Oqtay adlı bir nəfərin yaralanmasını qeyd etmişdik. Uzun axtarışdan sonra həmin şəxslə görüşə bildik.

Yenicag.az ötən yazıda “Gəncə batalyonu”nun həkimi Aftandil Quliyevin döyüş meydanındakı fəaliyyətindən bəhs etmişdik.

Bu dəfəki müsahibimiz 1991-ci ilin sonunda könüllü olaraq döyüşlərə qoşulmuş, Arabonun məhvi zamanı ağır yaralanmış Oqtay Məmmədovdur.

Məmmədov Oqtay Nağı oğlu Tərtər rayonu Xoruzlu kəndində doğulub. Hərbi xidməti Sovet vaxtında çəkib. 1991-ci ilin axırlarında könüllü olaraq döyüşlərə qoşulub və 1992-ci il iyul ayının 29-da ağır yaralandıqdan sonra ordu sıralarından tərxis olub.

– Ordu sıralarına qatılmağınızdan danışardınız.

– 3 nəfər kənddən çıxıb gəldik Tərtərə. Dedilər 3 nömrəli məktəbdə batalyon var. Getdik ki, oradakı 17-18 nəfərlik Gəncə batalyonudur. Hər keçən gün əsgərlərin sayı artırdı. 1992-ci il Novruz bayramı gecəsi Tərtəri top atəşinə tutdular. Həmin vaxt Gəncə batalyonunun əsgərləri ilə şəhərdə patrul xidmətindəydik. Gecə ilə posta çıxdıq. May ayının 11-i günü Marquşavana hücum etdik. Ancaq oranı ala bilmədik. Komandirimiz Mehman Ələkbərov ayağından yüngül yaralandı. Onun ayağını sarıdım, geri qayıtması üçün təkid etsəm də, mənlə bərabər axıra qədər döyüşdü. Orada 1 tankımızı da vurdular. Onların bir BMP-ni vurdum. İki topumuz orada qaldı, 18 nəfər əsgərimiz də girov düşdü. Sonra onları traktorun yük yerində geri qaytardılar. 3 erməni əsirini polis bölməsində saxlayırdılar, onlarla dəyişdirdik. Meyitləri gətirib pambıq məntəqəsində yuduq, hamısını doğramışdılar, tanınmaz haldaydılar. Yalnız Ağcabədinin Hindarx kəndindən olan oğlanın sinəsində döymə var idi deyə tanıya bildik, digər 17 nəfərin kim olduğunu bilmədik. Onları tabutlara qoyub təxmini ailələrinə göndərdik, bəlkə də çoxu ailələrinə dəyişik getdi. Bir ay sonra yenidən hücum etdik.

– Qəbələdə hərbi hissə komandirini əsir götürməyiniz və raketlərin gətirilməsi necə baş verdi?

– Bir ay sonra Rəhim Qazıyev Mehman Ələkbərovla bərabər 23 nəfəri Yevlaxdakı pambıq zavodunun yanından Qəbələyə, raket bazasına göndərdi. Qəbələdə hərbi hissənin nəzarət buraxılış məntəqəsini tərki-silah etdik. Hərbi hissənin komandirini evindən idman formasında əsir tutaraq Kürdəmirə gətirdik. Hərbi hissənin buradakı bazasında 12 ədəd başlıqsız raketi tam hazır raketlərlə dəyişərək Mingəçevirə gəldik. UAZ-ı mən sürürdüm. Mingəçevirə girəndə Kolanlıdan bir avtobus sürücüsü bizə dedi ki, Tərtərdə güclü döyüş gedir, çoxlu sayda itkimiz var. Raketləri Mingəçevir İcra Hakimiyyətinin qarşısında təhvil verib, Tərtərə gəldik. “Qurtuluş” batalyonundan şəhid olan 6 nəfərin üzərinə ağ çəkib, 6 nömrəli məktəbin qarşısına qoymuşdular. Bizim batalyonun qərargahına gələndə gördük əsgərlər yoxdur. 23 nəfər hazırlanıb, silah-sursatı götürüb Marquşavana hücuma keçdik. Axşam düşdü, çəkildik geri, siyahı ilə yoxlanış apardıq, məlum oldu ki, az əvvəl qeyd etdiyim kimi 18 nəfərimiz əsir düşüb.

Çaylıya hücum etdik, əməliyyat alınmadı, gəldik Həsənqaya kəndinə. Gecə düşəndə buradakı ot tayalarına od vurduq, evləri yandırdıq. Səhər “Tərtər”  və “Gəncə” batalyonu ilə birgə Marquşavana hücum etdik. Marquşavandan ermənilər qaçmışdı, oranı alıb uşaqları posta qoyub Tərtərə gəldik. Hamı sevinirdi, Səhlabad kəndində bir kişi quzu kəsib “halalınızdır” deyərək tankın üstünə qoydu. Bir gün burada qaldıqdan sonra Həsənqayaya gəldik. Kanaldan yuxarıda “Tərtər”, sol cinahımızda isə “Qurtuluş” batalyonu var idi.

– “Arabo” ilə döyüşdən əvvəl hansı addımları atdınız.

1992-ci il iyun ayının 28-i günü 18 nəfərlə ön postlarımızı qurduq. Mehman Ələkbərov məni postda əsgərlərə rəhbər qoydu. İyunun 29-u saat 3-də Ağdərə istiqamətindən kalonu izləyirdim, işıqları görünürdü. Kalon 3-cü savxoza gəlib çıxdı. Saat 4 radələrində kalonun işıqları söndü. Biz taxıl sahəsinin başında postda olanda Gədəbəydən Səlim adlı əsgər gördüm yatıb, tənbeh edərək oyatdım. Saat 5-ə işləyəndə hənirti eşitdib geriyə çəkildik. Taxıl sahəsinin baş tərəfindəki üzümlüyə çatanda bizi atəşə tutdular. Ağzına kimi dolu kanalı çətinliklə keçərək batalyona gəlib Mehman Ələkbərova məruzə elədim ki, ermənilər hücuma keçiblər, ön postdan çıxdıq. Mehman Ələkbərov əmr verdi, batalyon durub silahlandı və birbaşa kanalın yanına gəldik. Postda qumbaraatan var idi, onu gətirib batalyona təhvil verdim. Mehman Ələkbərov Kürdəmirdən bir əsgərə tapşırıq verdi ki, Oqtayın yanından tərpənməsin. Qumbaraatanın mərmilərini həmin əsgərə təhvil verib, lazım olduqca mərmiləri mənə verməsini tapşırdım. Saat 7-ə işləmiş kanalın baş hissəsinə çatanda uşaqlar dedi ki, BMP gəlir, onu vur. Güllə yağış kimi yağırdı. Əsgərdən qumbaratanı alıb, çəkilib sağ tərəfdən BMP-ni vurmaq istəyəndə güllə qumbaraatan mərmisinə dəydi, sonrasını xatırlamıram…

– Yaralanandan sonra sizi hara aparmışdılar?

– Tərtərdəki xəstəxanaya aparıblar. Orada kəndçimiz Bəkir həkim məni tanıyıb, ailəmə xəbər vermişdi. Məni təcili tibbi yardım maşınına qoyub Gəncəyə 230 nömrəli xəstəxanaya aparıblar. 7 gün meyitxanada qalmışam. 1 ay 5 gün orada qalandan sonra, məni Bakıda xəstəxanaya apardılar. 2 ay da Bakıda xəstəxanada qalmışam.

– Ordudan nə zaman tərxis oldunuz?

– İyun ayının 29-u yaralandıqdan sonra ordu sıralarına qayıtmadım. Gözümün birini çıxarıb yerinə şüşə qoydular.

Bu döyüş “Gəncə” batalyonu ilə “Arabo” arasında olub. “Tərtər” batalyonundan yalnız bir neçə nəfər var idi. Biz 18 nəfər idik və batalyona xəbər verib, qüvvə ilə qarşılarına çıxmağı düşündük, bunu da etdik.

Səxavət Məmməd

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2372
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."