1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur.
Bu barədə məlumatı Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey verib. G.Göksel vurğulayıb ki, Gürcüstanda yaşayan soydaşlarımız, xüsusilə də Cavaxetiya bölgəsinə yaxın kənd və qəsəbələrdəki azərbaycanlılar təhlükə altındadır.
“Tarixdə ermənilərin türklərə qarşı soyqırımlarını nəzərə alaraq deyə bilərik ki, silahlı erməni terror təşkilatı Borçalıda ikinci Xocalı soyqırımını həyata keçirə bilər. Bunun baş verməməsi üçün Gürcüstan, Azərbaycan və Türkiyə rəsmiləri təcili şəkildə məsələyə müdaxilə etməlidir”, – deyə Göksel vurğulayıb.
Görəsən, ASALA-nın yenidən xortlamasının qarşısını almaq, erməni terror siyasətinin durdurulması üçün Türkiyə, Azərbaycan və Gürcüstan hansı birgə addımları ata bilər və atmalıdırlar?
Yenicag.az-a açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, ASALA-ya qarşı mübarizədə Türkiyə, Azərbaycan və Gürcüstan vahid mövqedən çıxış etməlidirlər:
“Ermənistan Türkiyə, Gürcüstan və Azərbaycan olmaqla hər üç ölkə üçün təhlükədir. Əslində, İran üçün də bunu demək olar, çünki İrəvan bu ölkəyə qarşı da ərazi iddiaları ilə çıxış edir. Lakin bu gün İrana münasibətdə həmin iddialar dilə gətirilmir. Amma bildiyiniz kimi, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub. Ermənilər həmçinin, Gürcüstanın Cavaxetiya bölgəsinə iddia edir. Onlar Türkiyəyə qarşı da açıq şəkildə ərazi iddiaları ilə çıxış edirlər. Ermənilər özlərinin tarix boyu bütün siyasətlərində, hətta dövlət kimi mövcud olmazdan öncə də çirkin əməllərini gerçəkləşdirmək üçün hər zaman terrora əl atıblar.
Terror ermənilərin genetik koduna oturmuş vəhşi bir davranış formasıdır. Bu aspektdən ASALA terror təşkilatının yenidən xortlaması ilə bağlı iddialar əslində yeni deyil. Əslində, ASALA fəaliyyətini heç zaman dayandırmayıb. Dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən ermənilərin kompakt yaşadığı Yaxın Şərq dövlətlərində mövcudluqlarını qoruyub saxlayıblar. Mütəmadi olaraq ASALA-nın PKK ilə əməkdaşlıq etdiyi barədə məlumatlar alırıq. Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilən PKK terrorçuları arasında erməni cəsədlərinin olduğu barədə rəsmi məlumatlar da mətbuatda dəfələrlə öz əksini tapıb. ASALA-ya qarşı mübarizə məsələsində əslində, Azərbaycanla Türkiyənin davranışları aydındır. Türkiyə açıq şəkildə, kəskin formada məsələnin üzərinə getməsə də, dövlət siyasətində bu məqamı hər zaman nəzərə alıb. İndiki şəraitdə bu istiqamətdə Gürcüstanın aktiv rol oynamasına ehtiyac var.
Təəssüf ki, gürcü rəsmiləri bəzən erməni təhlükəsini ciddi hesab etmir. Saakaşvili dönəmində bu istiqamətdə müəyyən addımların atılmasına cəhd göstərildi və Cavaxetiya bölgəsində separatçıların əl-qolunun bağlanması ilə bağlı bir sıra addımlar atıldı. Lakin son dövrlər Ermənistan və Cavaxetiya bölgəsindəki ermənilər siyasətlərini dəyişiblər. Onlar indi çalışırlar ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə xələl gətirsinlər. Yürüdülən siyasətin mahiyyətində bu amillər dayanır. Bir sıra hallarda Tiflis hakimiyyətinin sərgilədiyi davranışlar da buna əsas verir. Təbii ki, ASALA-nın fəaliyyətə başlaması Gürcüstan ərazisində baş verirsə, ilk növbədə məhz Tiflis ona kəskin şəkildə reaksiya verməlidir. Çünki terror hadisələri Gürcüstan ərazisində baş verəcəksə, bundan ilk növbədə zərər çəkənlər də bu ölkənin vətəndaşları olacaq. Azərbaycanla Türkiyə isə bu məsələdə Tiflisə dəstək verə bilərlər. Hesab edirəm ki,bütövlükdə Ermənistanın bölgədə yürütdüyü siyasətilə bağlı olaraq üç ölkə vahid mövqedən çıxış etməlidir”.
ELÇİN
www.yenicag.az