ASGA-nın Gəncə Nümayəndəliyi təsis edildi
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Gəncə Nümayəndəliyi təsis edilib. Bu barədə saytımıza təşkilatın sədri Səbuhi Abbasov məlumat verib.
Abbasov onu da qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat bir çox layihələrə imza atıb: “ASGA 2006-cı ildə təsis edilib, elə həmin ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox yerli və beynəlxalq layihələr reallaşdırmışıq.
ASGA-nın ölkə sərhədləri daxilində kifayət qədər ciddi fəaliyyət göstərən təşkilat kimi tanındığını deyən S.Abbasov Respublikanın ayrı-ayrı regionlarında nümayəndəliklərinin açılmasının zəruri olduğunu qeyd edib: “Biz təşkilat olaraq əsas məqsəd və hədəfimizə çatmaq üçün filialların, nümayəndəliklərin açılmasını zəruri hesab edirik. Bu baxımdan ötən il Rusiyada və Ukraynada nümayəndəliyin açılması və birgə layihələrin reallaşdırılması çox mühüm addım oldu. Bundan başqa Avropa Şurası Gənclər departamenti ilə birgə layihələrin reallaşdırılması ilə bağlı memorandumun imzalanması ASGA-nın beynəlxalq əlaqələrində qazandığı ciddi uğurlardan biridir. Gəncə nümayəndəliyinin açılması isə region gənclərinin ölkənin ictimai həyatında iştirakını stimullaşdıran əsas amillərdən biridir. Mən təşkilat adında yaradılan bütün imkanlara görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təşəkkür edirəm”
Yeni təsis edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Gəncə Nümayəndəliyi artıq fəaliyyətə başlayıb. Nümayəndəliyin rəhbəri Gəncədə öz səmərəli fəaliyyəti ilə tanınan Teymur Əliyevdir. Nümayəndəlik səmərli fəaliyyətini təmin etmək məqsədi ilə bütün zəruri texniki avadanlılarla təchiz olunmuşdur.
Gəncə nümayəndəliyi artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə mədəni-kütləvi tədbirlər həyata keçirib. Eyni zamanda Gəncədə gənclərin hərtərəfli inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Texnologiya Universitetinin Rektoru Akif Süleymanov ASGA-nın Fəxri Diplomu ilə təltif edilib.