Aşıq Yediyar ilk dəfə bizi AĞLATDI - FOTO
Tamaşalarda maraqlı obrazlara can vermişdi. Bir neçə filmdə də çəkilmişdi. Lakin hafizələrdə daha çox vaxtilə “Qulp” verilişindəki Aşıq Yediyar obrazı ilə tanındı və sevildi.
Yadımdadır, o illərdə “Qulp”un başlayacağı vaxtı səbirsizliklə gözləyirdik. Bilirdik ki, hər yeni buraxılışda Aşıq Yediyarın dadı-duzu ilə seçilən yumorlu ifasını izləyib doyunca güləcəyik.

Lakin bu gün bizi güldürmədi, əksinə göz yaşına boğdu. Əməkdar artist, son aylarını xəstəxana palatalarında keçirən, amansız xəstəliklə can çəkişən tanınmış aktyor Yadigar Muradov elə xəstəxana otağında gözlərini əbədi olaraq yumdu.

Sevənləri “Aşıq Yediyar getdi” deyib, onun ölümünə ağlayırlar. Bəli, bu da aktyorun böyüklüyü idi ki, yaratdığı obraz insanların hafizəsində məhz obrazının adı ilə həkk olundu. Saz ifa edir, oxuyur, həm də özünəməxsus aşıqsayağı oynayırdı. O, koloritli aktyor idi. Elə bu koloritli görkəm ona əsl aşıq obrazı yaratmağa imkan verirdi.
Dediyinə görə, əvvəllər hər kəs onu Aşıq Yediyar deyə çağıranda bunu qəbul edə bilmirmiş. Lakin sonralar artıq bu müraciətə alışıb. Müsahibələrinin birində demişdi: “Aşıq Yediyar toylarda mənə o qədər pullar qazandırıb ki…”

Ağır xəstəlik əvvəl onun səsini aldı, daha sonra isə həyatını. Bu dünyadan, bu sənətdən bir Aşıq Yediyar köçünü çəkib, son mənzildə yerini rahatladı. Ondan geridə qalan isə lent yazıları, tamaşalarda və filmlərdəki obrazları, bir də işıqlı xatirəsi qaldı.
Cəvahir












