31 il… Kəlbəcərin Başlıbel faciəsi...
31 il öncə Kəlbəcərdə yaşanan faciə dünyaya səs saldı. Nə səsimizi duyan oldu, nə də haqqımızı. Gözümü açandan, həyatı dərk edəndən atamın bu mübarizədə ön sırada olduğunun şahidi olmuşam. Başlıbel öz dağında günahsız olaraq güllələnən, öldürülən sakininin 31 ilini qeyd edir, mən də doğulduğum gündən mənə arxa-dayaq olan, dağım atamsızlığın bir ilini.
Kəlbəcər işğal olunan günə qədər demək olar ki hər gün evimizdə eşitdiyim faciə qurbanlarının biri də bizim evdə idi. Atamın nənəsi Pəri xanım məhz bu faciə qurbanlarındandır.
Hər gün atamın danışıqlarında uşaq təxəyyülümdə canlandırdığım, o faciənin qurbanlarını yad etməyə gedirəm. Axı haradan biləydim ki, Başlıbel hadisəsinin qurbanlarını yad etdikdən sonra elə öz torpağında canını tapşıran atamı da məhz orada itirəcəm.
Bunun üçün mənə bu faciəni nəinki ildönümlərində, hər gün xatırladan, minnətdarlıq borcu olaraq Başlıbel faciəsinin qurbanlarını yad etməkdən öncə Başlıbeldə vəfat edən, amma Bərdədə dəfn olunan atamın qəbrini ziyarətə getdim. Bu dəfə tək deyildim. Ondan mənə miras qalan təkcə öyüd-nəsihəti, dəstəyi, vətənpərvər kimi yetişdirməyi deyildi. Atamın ömrünü həsr etdiyi, inkişafı üçün əlindən gələn, hətta gələ bilməyəni də etməyə çalışdığı Moderator.az saytının kollektivi ilə gəldim. Bəlkə ruhu azacıq da olsa təskinlik tapar deyə. Qəbrindən boylanan o sual dolu baxışlarına verməyə bir cavabım olar deyə.
Bu dəfə onun dişi-dırnağı ilə qurduğu saytda hər il Başlıbel faciəsini, nənəsinin başına gələnləri danışan atamın yerinə faciənin canlı şahidləri, şəhid ailələri ilə də getməyim təsadüfi deyildi. Atam susdu, amma onlar susmayacaq və atamın da həssaslıqla yanaşdığı bu faciə var olduğumuz müddətdə miras qalan Moderator.az informasiya portalında dünyaya çatdırılacaq.
Atamın məzarını ziyarət etdikdən sonra Başlıbelə doğru yol alırıq. O qədər çətin, enişli-yoxuşlu yolu var ki…
Yol boyu düşünürəm ki, səfərimiz başa çatdıqdan sonra təəssüratlarımından bir reportaj yazaram. Atam kimi bu faciəni qələmə ala bilməsəm də, bu ənənəni davam etdirmək mənim övladlıq borcumdur.
“Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI…”
2021 ci ildə atam-Zülfüqar Hüseynzadə də bu başlıqda Başlıbel faciəsi ilə bağlı bir reportaj yazmışdı.
(//moderator.az/az/cemiyyet/760758/mezarsiz-qalan-neneye-dunyasini-deyisen-ataya-sehid-esgere-borclu-qalmaqezabi/)
Düşünürəm ki, qanla yazılmış 44 günlük şanlı savaşımızdan nə qədər yazsaq da, bəhs etsək də, tükənən deyil. Nə xatirələrimiz, nə də sevincimiz…
Şükürlər olsun ki, Ali Baş Komandanın və onun düşmənə qan udduran ordusu müzəffər qələbə qazanaraq alnımıza, taleyimizə yazılan bu qarayaxmanı götürdü. Zəfərdən zəfərə qaçarkən düşmənin törətdiyi faciələri də unutmamalıyıq.
Bu gün ermənilərin qətliam törətdiyi, özümün də bu gün ilk dəfə gördüyüm doğma diyar – Başlıbeldəyəm.
Erməni vandalların Başlıbelə hücumu zamanı atamın nənəsini (Pəri nənə) çıxarmaq mümkün olmadığından orada ermənilərin əsiri olmuşdu. Bir müddət sonra isə Pəri nənəmi ermənilərin vəhşicəsinə qətlə yetirib yandırdığını öyrəndik…
Yaranışdan insan oğlunun kimlərəsə verdiyi sözlər olur. Amma elə sözlər var ki, onları yerinə yetirmək sənin üçün təkcə namus deyil, həm də ölüm-qalım məsələsinə çevrilir. Atamın öz atasına verdiyi sözlər kimi. Atam hər ay Bərdədə uyuyan valideynləri ziyarət edər, atasına verdiyi sözü hələ də yerinə yetirə bilmədiyi üçün əzab çəkərdi. Orada yatan valideynləri onun ən mötəbər, ən qayğıkeş həmsöhbətləri idi. Mən isə yenə əvvəlkitək atamla həmsöhbətəm. Atamın öz atasına verdiyi söz-o şanlı missiya artıq mənim öz atama verdiyim namus sözüdür. Atamın başlayıb da bitirə bilmədiyi missiyanı Allahın yardımı ilə mən bitirəcəm. Şəhidimizi tapıb qalıqlarını dəfn edəcəm…
Və budur Başlıbeldəyik. Atamın kəndin girəcəyində çəkdirdiyi son fotosuna baxıb onun xatirəsini yad etmək üçün üzərində kəndin adı yazılan stendə yaxınlaşıb eyni onun kimi foto çəkirəm. Bu an qarşımda bir burulğan canlanır. Əvvəl bunun yuxu olduğunu düşünsəm də bu həqiqət idi. Atam bizi salamlayırdı. Başlıbelə xoş gəlmisiniz deyirdi.
Bugünkü ziyarət məndə xeyli təəssüratlar yaratdı. Sanki atamın ruhu hər daim bizi addım-addım izləyirdi. Onun ayaq basdığı yerə ayaq basmaq, doğulduğu, ancaq gənclik keçirə bilmədiyi torpağı öpüb-qoxlamaq nəyə desən dəyərdi. Başlıbeldən ayrılmağa könlüm razı olmasa da, yola düşmək məcburiyyətindəyik.
Atam işğaldan sonra Başlıbeldə faciə qəhrəmanlarının uyuduğu məzarlıqdan aşağıdakı təpədə Azərbaycan bayrağını sancmışdı. “Qoy hər kəs buranın ermənilərin deyil, Azərbaycana məxsus olduğunu görsün” deyərək sancdığı bayrağın da atamın vəfatından sonra son “nəfəsini” verdiyinin şahidi oldum. Özümlə gətirdiyim bayrağı yenidən həmin zirvədə sancdım. O an atamın yanımda olduğunu hiss etdim. Onu hər zaman yanımda, ruhumda hiss edirəm. Çevrilib arxasını dağa söykəyib uyuyan şəhid məzarlarına baxıram, bir də öz arxamdakı dağa. İkimiz də qürurluyuq.
Bayraq dağların qoynunda dalğalanır, axşam düşür, hava soyuyur. Artıq getmək zamanıdır:
Mən gedirəm qürbət elə,
Sən salamat qal, ay dağlar.
Halallıq ver, qoy qalmasın,
Ürəyimdə xal, ay dağlar.
Hanı məndə dözüm sənsiz?
Sönəcəkdi közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz,
Olacağam lal, ay dağlar.
Dostum-yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al ay dağlar, al ay dağlar.
Hüseyn Hüseynzadə
Bakı-Bərdə-Kəlbəcər(Başlıbel)
www.yenicag.az