Belarusda Minsk rayon məhkəməsinin qərarı ilə 10 il müddətində azadlıqdan məhrum edilən azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rəşad Gəncinski” kimi tanınan Rəşad İsmayılov məhkəmədə son sözünü deyib.
Yenicag.az xəbər verir ki, kriminal avtoritet sön sözündə həyatı ilə bağlı danışıb, ona qarşı irəli sürülən ittihamları rədd edib:
“Ətraflı danışacam. Silaha gəlincə, mənim şəxsim mühafizəm var. Onların da qanuni silah saxlamaqla bağlı sənədləri mövcuddur. Özümə normal silahı olan mühafizəçi tuta bilirəmsə, qanunsuz silaha nə ehtiyacım var? Mən həmin silahların fotolarını gördüm. Yanımda kimsə bunları gəzdirsə, utanaram. Bizi saxlayanda məndən silah barədə heç nə soruşmadılar. Sadəcə, dedilər ki, bizimlə gəl. Ertəsi gün məndən silah barədə soruşdular. Nəsə bilib-bilmədiyimi sorğuladılar. Mən isə “yox” dedim.
Mən Abxaziyaya gedirdim. Məni orada yaralamışdılar. Üzərimdə hətta dırnaqtutan belə yox idi. Bunu üzərimdə daşımağa icazəm yoxdur.
Pasporta gəldikdə, 2012-ci ildən bu sənəddən istifadə edirəm. Bəli, mənim öz pasportum var. Lakin mən onun harada olduğunu da bilmirəm. Evlərimdən birindədir. Mən Gürcüstanda, Yunanıstanda, çox yerdə olmuşam. Hər yerdə də bu pasportdan istifadə etmişəm. Heç bir yerdə qanun pozuntum olmayıb. Hətta Belarusda belə… Buraya pul xərcləməyə gəlmişəm. Qoy, heç olmasa bir nəfər desin ki, mən burada kimisə incitmişəm…
Uşaqlarım yaxşı məktəbdə oxuyur, onları hər şeylə təmin edirəm. Xəstə anam var, elmlər namizədidir. 66 yaşı var. Onu da hər şeylə mən təmin edirəm. Mən küçədən gəlməmişəm. Tez-tez “oğru, oğru” deyə təkrarlayırsız… Çox adam çox şey deyə bilər. Bunda bizim nə günahımız var? Mən akademikin oğluyam. Nüfuzlu şəxsdir, hansı ki, onu Belarus da yaxşı tanıyırlar. O, ölüb… Mən nə etmişəm? Kimi incitmişəm? Kimi təhqir etmişəm? Kiminsə cibinə girmişəm? Bu pasportla gəlmişəm, hesab edirdim ki, o mənimdir. Hər yerə onunla uçurdum. Bilmirdim ki, bura gəlmək olmaz. Mənim işim var. Mənim vasitəmlə 30-dan çox ailə dolanır, maaş alır. İşim dayanıb, xəstə anam, 4 uşağım, özüm də asma xəstəsiyəm. 8 aydır “içəridə”yəm. Və indi gəlib deyirsiz ki, bu azdır, daha 10 il həbsdə qalmalısan. Mən nə etmişəm?
Ali məhkəmə, işə ədalətlə yanaşmağınızı xahiş edirəm. Sizdən kişinin kişidən, atanın atadan xahiş etdiyi kimi xahiş edirəm. Mən heç kimi aldatmamışam. Uşaq evlərinə gedirəm, kimsəsizlərə dəstək oluram ki, onlar böyüyüb narkoman olmasınlar. Artıq 3 ildir ki, onları mənim pulumla idmanla məşğul olmağa aparırlar, yedizdirirlər, idman paltarları alırlar. Əgər nədəsə günahkaramsa, düzəldərəm. 8 ay mənim üçün kifayətdir. Mən kimisə vurub öldürəcək biri deyiləm. Mən ziyalı ailəsindənəm. Mən bu qədər uzun müddətli cəza gözləmirdim. Budur mənim son sözüm. Allah görür ki, heç nəyi danışığımda artırıb azaltmıram”.
Qeyd edək ki, Rəşad İsmayılov saxta sənəddən istifadədə, sərhəddən qanunsuz olaraq silah-sursat keçirməkdə, eləcə də qanunsuz narkotik saxlamaqda ittiham olunub. O, “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova ən yaxın olan şəxslərdəndir./Qafqazinfo.az/
www.yenicag.az