“Avropa Birliyinə yalvaran deyilik”-Video
“Avropa Birliyinə başımız dik bir şəkildə, dinimizlə, dilimizlə girəcəyik”.
Yenicag.aznews-a istinad’n bildirir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumundakı görüşlərdən sonra Sürix şəhərinə gələn Baş nazir Əhməd Davudoğlu “İsveçrə görüşü” adlı tədbirdə türk vətəndaşları ilə bir araya gəlib.
Burada çıxış edən Baş nazir “İslam Avropanın əsas dinidir və əsas dini olaraq davam edəcək. İspaniyadan Osmanlıya və yarım əsr əvvəl Anadolunun hər bir guşəsindən çıxıb o müqəddəs yürüşlə o igid insanların bura gətirdiyi məscidlər mütləq qorunacaq. Onlara uzanan əllərə qarşı mübarizə etməyə davam edəcəyik” sözlərini bildirib.
Ötən həftə Belçikaya səfəri zamanı Avropa Birliyinin yeni liderləri ilə danışıqlar apardığını deyən Davudoğlu əlavə edib ki, rəsmi Ankara Türkiyənin Avropa Birliyi yolunda strateji qətiyyətini bir daha vurğulayıb: “Qarşımıza gətirilən maneələrə, qərəzlərə, hər cür təxribata baxmayaraq Türkiyə, Avropa Birliyi yolunda getməyə qərarlıdır. Niyə, bilirsinizmi? Avropa Türkiyəsiz əksik olacaq. Amma sizlər üçün Avropa yolunda addımlamağa davam edəcəyik. Bir halda ki, burada bizim mədəniyyətimizi, dilimizi, dinimizi təmsil edən qardaşlarımız var, bir halda ki Avropada 45 milyon müsəlman var, məhz Türkiyə Avropa Birliyinin bir parçası olacaq. Mütləq bir gün Avropa Birliyinə girəcəyik. Yalvarmayacağıq, dilənməyəcəyik, heç bir xüsusi imtiyaz gözləməyəcəyik, şərəflə girəcəyik”.
Davudoğlu qeyd edib ki, Avropa Birliyi yalnız Türkiyənin üzvlüyündən sonra qlobal bir güc olacaq: “Avropa iqtisadiyyatı Türkiyənin dinamik qüdrəti ilə bu böhrandan çıxacaq. Avropa üçün biz bir yük deyilik. Avropa üçün Türkiyə bir şəfadır. Həm irqçilik xəstəliyinə, həm iqtisadi durğunluğa, həm də Avropanın zəifləyən gücünə qarşı Avropanı qaldıracaq bir şəfadır”.