“Ayrılan pulu kim yeyib, mən yemişəm?” - Şeyx Əbdül
“Mədəniyyət Nazirliyi, Kino İttifaqı, Rejissorlar Gildiyası və ağsaqqal kino adamlarından ibarət birgə komissiyası yaradılıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.
O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun “Gələn il kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır” açıqlamasına reaksiya verib.
Rejissor kinonun inkişafı üçün kinostudiyanın bərpasının vacibliyini vurğulayıb və uzun illərdir, kinostudiyanın bərpası üçün mübarizə apardığını bildirib:
“Bu məsələ ilə bağlı mən neçə illərdir, mübarizə aparıram. Bütün respublikalar kino məbədgahı olan kinostudiyalarını bərpa ediblər, amma bizdə etməyiblər. Səbəb nədir?Ayrılan pulu kim yeyib, mən yemişəm? Hər halda, mən yeməmişəm. Yeyənlər bəlli, verənlər bəlli. Bunlar keçmişdə qalıb. İndi Mədəniyyət Nazirliyi, Kino İttifaqı, Rejissorlar Gildiyası və ağsaqqal kino adamlarından ibarət birgə komissiyası yaradılıb. Məqsədimiz kinostudiyanı bərpa etməkdir. Yəqin, bununla bağlı Polad Bülbüloğlu da bizə kömək edəcək”.
Cəvahir












