Azad Rəhimovun dopinq qalmaqalına münasibəti
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın ağırlıqqaldıranlarının dopinq istifadəsinə görə cərimə olunmasına münasibət bildirib.
Nazir bildirib ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının bir ildən sonra bu halları aşkar etməsi və məlumatın verilməsi bizdə şübhə yaradır:
“Federasiyanın icraçı direktoru İsgəndər Əsgərov, federasiyanın həkimi və bir neçə məşqçi işdən azad olunub.Hazırda həmin məsələni araşdırırıq. Nazirlik və Azərbaycan hökuməti tərəfindən konvensiya imzalanıb. Biz bunu bu cür qoya bilmərik, təbii ki, addımlar atılmalıdır. Bundan savayı biz bilməliyik ki, nə qədər idmançımız həqiqətən bu dopinqə düşüb. Bir ildən sonra bu halların aşkar edilməsi, məlumatın verilməsi bizdə şübhə yaradır. Niyə görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bir il gözləyib, həmin məlumatları bizə verməyib. Niyə görə idmançılar bu müddətdə yarışlara buraxılıb? Dopinq analizlərinin bəziləri niyə başqa vaxtlarda, yəni çempionatlardan kənar müddətlərdə götürülüb? Biz bu məsələni bu cür qoymacağıq”.
Nazir həmçinin qeyd edib ki, dopinq siyahısına Azərbaycanla yanaşı, başda Ermənistan olmaqla bir sıra ölkələrin idmançılarının adları da düşüb: “Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bizə 500 min dollarlıq cərimə kəsib. Bu pulu ödəsək iştirak edə bilərik, əks halda iştirak etmək hüququmuz olmayacaq. Federasiya isə cəriməni ödəmişdən öncə bu vəziyyəti dəqiqləşdirmək istəyir”.
Xatırladaq ki, Azərbaycanın 18 ağırlıqqaldıranı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən cəzalandırılıb. İdmançılarımızdan oksandrolon və dehidrometiltestosteron, Varlamovadan dehidrometiltestosteron və stanozolol, Manaqadzedən oksandrolon, dehidrometiltestosteron və stanozolol aşkarlanıb. Onların hamısı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb(anspress).