“Hörmətli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, artıq 10 ildir dözürük”.
Yenicag.az xəbər verir ki, bunu Siyəzəndən H.Z. Tağıyev qəsəbəsinə gedən yolunun bərbad halda olmasından şikayət edən aktyor Azər Aydəmir bildirib.
O, sözügedən yolun sürücülər üçün ciddi narahatlıq yaratmasına baxmayaraq, hələ də təmir edilməməsinə etiraz edib:
“Hörmətli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, mən şəxsən başa düşə bilmirəm ki, siz Siyəzəndən H.Z. Tağıyev qəsəbəsinə gedən yolu niyə “iqnor” edirsiniz?! Artıq 10 ildir ki dözürük. Sırf ora büdcə ayırmağı sizə kimsə qadağan edib? Əgər icazə versəniz, marafon elan edərdik. Yetər ki, hesab nömrənizi verin, 5 manatdan atışsaq, bəlkə də sabaha artıq o yolun təmirinin pulu yığılar. Nəzərə alın. Marafonu özüm aparmağa belə razıyam”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı.
Gülşən Şərif