"Bakı və Tbilisi yeni təhlükəsizlik modeli qurur" - ŞƏRH
“Cənubi Qafqazda formalaşan yeni status-kvo reallığında Bakı ilə Tbilisinin koordinasiyalı siyasəti regionda sabitliyin əsas təminatlarından biridir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov Prezident İlham Əliyevin Gürcüstan səfərinin əhəmiyyətini şərh edərkən deyib.
Ekspert bildirib ki, dövlət başçısının Gürcüstan səfəri Cənubi Qafqazda dəyişən geosiyasi balans fonunda strateji xarakter daşıyır:
“Azərbaycan–Gürcüstan münasibətləri artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini çoxdan aşaraq, regional təhlükəsizlik və iqtisadi inteqrasiya modelinə çevrilib. Bakı–Tbilisi oxu həm enerji, həm də logistika baxımından Avrasiyanın ən kritik marşrutlarından biridir. Bu kontekstdə sözügedən səfəri mövcud tərəfdaşlığın qorunması deyil, onun keyfiyyətcə yeni mərhələyə keçirilməsi niyyətinin siyasi manifesti kimi qiymətləndirmək olar.
Xüsusilə enerji təhlükəsizliyi məsələsi ön plandadır. Avropanın alternativ enerji mənbələrinə ehtiyac duyduğu bir dövrdə Azərbaycanın ixrac imkanları və Gürcüstanın tranzit rolu daha da aktuallaşır. Bu baxımdan, tərəflər arasında koordinasiyanın gücləndirilməsi təkcə ikitərəfli deyil, həm də geniş geoiqtisadi müstəvidə böyük əhəmiyyət kəsb edir”.
Politoloq digər mühüm məqamın nəqliyyat-kommunikasiya xətləri olduğunu vurğulayıb:
“Orta Dəhliz layihəsinin aktuallaşması fonunda Azərbaycan və Gürcüstanın sinxron fəaliyyəti regionu qlobal ticarət arteriyasına çevirə bilər. Bu isə hər iki ölkənin siyasi təsir imkanlarının artması deməkdir. Açıq desək, bu dəhlizə kim nəzarət edirsə, regionun gələcək inkişaf istiqamətlərini də o müəyyən edir.
Səfərin siyasi aspektləri də diqqətdən kənarda qalmamalıdır. Cənubi Qafqazda yeni status-kvo formalaşır və Bakı ilə Tbilisinin birgə fəaliyyəti bu sabitliyin sütunudur. Gürcüstan üçün Azərbaycan strateji tərəfdaş, Azərbaycan üçün isə Gürcüstan mühüm regional qapıdır.
Qısacası, bu səfər ikitərəfli münasibətlərin rutin davamı deyil, regiondakı güc konfiqurasiyasının yenidən möhkəmləndirilməsi addımıdır”.
Nəsimi Ələsgərli













