“Azərbaycan o separatçılıq ideyasını öldürdü, çökdürdü” - Fazil Mustafa
“Bundan sonra ölkədə belə qüvvələrin yenidən baş qaldırması olduqca çətin olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat ölkəmizə qarşı separatizmlə məşğul olanların məhkəmə qarşısına çıxarılmasının və onlara layiqli cəza verilməsinin revanşist xəyallarla yaşayan qüvvələrə qarşı ən ciddi mesaj olduğunu vurğulayıb. O, separatizmə qarşı aparılan bu mübarizənin tarixi əhəmiyyətindən danışıb:
“Bu məsələdə Azərbaycan dövlətinin qələbəsi, bütövlükdə xalqın və dövlətin öz ərazi bütövlüyünü bərpa etməsi ən böyük nəticədir. Burada əsas məsələ təkcə separatçıların təmsilçisi olan bir neçə şəxsin həbs edilməsi və ya mühakimə olunması deyil, daha önəmlisi separatçılıq ideyasının məhv edilməsidir.
O ideyanı məhz Azərbaycan dövləti öldürdü, çökdürdü və yoxa çıxardı. Bundan sonra ölkədə belə qüvvələrin yenidən baş qaldırması olduqca çətin olacaq. Tarixdə bunun nümunələrini artıq yaşamışıq. Əlikram Hümbətov, Rəhim Qazıyev kimi ünsürlər və erməni separatçıları mahiyyət etibarilə eyni ideyanın müxtəlif formalarda təzahürüdür”.
Fazil Mustafa qeyd edib ki, Azərbaycan xalqı keçmişin acı təcrübələrindən dərs çıxarmalıdır:
“Biz bu məsələlərdən dərs çıxarmalı, Azərbaycan dövlətinin gələcəkdə belə eksperimentlərlə üz-üzə qalmaması üçün bütün imkanlarımızı səfərbər etməliyik. Ölkənin gələcəyini bu cür ideyaların yenidən cücərməsindən qorumalıyıq. Çünki bu dövlət bizim üçün əmanətdir. Onun hər hansı formada müxtəlif ideyalarla zədələnməsinə yol vermək olmaz”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli












