Azərbaycan səfirliyi xeyriyyə bazarında-Foto
Azərbaycanın Pakistandakı səfirliyi Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən İslamabadda təşkil olunmuş xeyriyyə bazarında iştirak edib.
Paytaxtın Serena mehmanxanasında təşkil olunmuş bazarda Pakistanın birinci xanımı Mahmooda Mamnun, baş nazirin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Sərtac Əziz, xarici işlər üzrə dövlət naziri Tariq Fatemi, xarici işlər katib Aiziaz Çoudri, senatorlar, Milli Assambleyanın deputatları, digər qurumların nümayəndələri, jurnalistlər iştirak ediblər.
Bazarda İslamabadda akkreditə olunmuş səfirliklər öz ölkələrinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı müxtəlif milli məişət əşyaları, suvenirlər, həmçinin milli mətbəx nümunələri nümayiş etdiriblər.
Azərbaycan guşəsində İçəri Şəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Şəki xanlarının sarayı, Nizami məqbərəsi, Mömünə Xatun türbəsi, həmçinin Bakının qədim və müasir abidələrinin maketləri, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş nəşrlər, Azərbaycanın iqtisadi inkişafından və mədəni həyatından, Azərbaycan-Pakistan dostluq münasibətlərindən bəhs edən kitablar nümayiş etdirilib.
Həmin eksponatların xeyriyyə məqsədi üçün satışı təşkil edilib. Azərbaycan guşəsində olan ziyarətçilər ölkəmizin zəngin mətbəxinin nümunələri ilə tanış olublar.
Pakistanın birinci xanımı, baş nazirin müşaviri, xarici işlər üzrə dövlət naziri və katibi Azərbaycan guşəsinə gələrək ölkəmizin iqtisadi inkişafına dair kitablarla maraqlanıblar, suvenirlər, müxtəlif eksponatlar və Azərbaycanın milli şirniyyatları ilə tanış olublar.
Guşədə olan qonaqlar Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla söhbətlərində iki ölkələrin dostluq münasibətlərini qeyd ediblər, xalqlarımızın mədəni bənzərlikləri haqqında danışıblar.
Onlar, sərgidə fəal iştirak etdiyinə görə Azərbaycan səfirliyinin kollektivinə təşəkkürlərini bildiriblər. Satışdan əldə olunmuş vəsait Pakistan xeyriyyə fonduna köçürülüb.