Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Tacikistan Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan-Tacikistan İşçi Qrupunun 2-ci iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Niqina Anvari, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Tacikistan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.
İşçi Qrupun iclasında iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, aqrar sığorta, üzümçülük sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.
www.yenicag.az