Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqı nə vəd edir? – Hacı Yakışıklının ŞƏRHİ
Qarabağ zəfərinin 5-ci ildönümü ilə bağlı parad üç dövlətin bayraqları altında keçirildi. Azərbaycan, Türkiyə və Pakistanın əsgərləri birlikdə zəfərimiz üçün birlikdə addım atdılar.
Türkiyənin tanınmış imzalarından olan Hacı Yakışıklı Yenicag.az-a açıqlamasında bu ittifaqın vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqı təkcə bölgəyə deyil, dünyaya təsir göstərəcək bir potensiala sahibdir:
“Xüsusilə Azərbaycan-Türkiyə əlaqələri uzun zamandan bəri “tək millət, iki dövlət” prinsipi üzərindən aparılır. Bu səbəbdən də Qarabağ zəfərinə biz öz zəfərimiz olaraq baxırıq. Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev arasındakı dostluq və qardaşlıq əlaqəsinin də bunda böyük payı var”.
Hacı Yakışıklı bu ittifaqın daha böyük birliyin əsas lokomotivi olduğunu düşünür:
“Pakistanın da həm hərbi gücü, həm də tarixi dostluğunu nəzərə alsaq, bu üç dövlətin hərbi müttəfiqliyi həm Türk Dövlətləri Təşkilatı, həm də İslam dünyası üçün böyük bir təhlükəsizlik mərkəzi deməkdir. Bu, təhlükəsiz koridor deməkdir ki, buna sadəcə hərbi aspektdən baxmamaq lazımdır. Bu həm də ölkələrin iqtisadi rifahı üçün lazımdır. Açığı, bu dövlətlərin heç biri iqtisadi rifah baxımından haqq etdikləri nöqtədə deyil. Birinci Dünya müharibəsindən sonra yaranan hegemonluq bir çox dövlət kimi, bizim də haqqımızı mənimsəyib. Ancaq artıq o hegemonluğun da sonu yaxınlaşır”.
“Xüsusilə Türkiyə ilə Azərbaycanın strateji ortaqlığından kimlərin narahat olduğuna baxdıqda, kimlər Suriyada, İraqda, İranda, Misirdə üstünlük əldə etmək istəyirlərsə, o güclər də bizim güclənməyimizi istəmirlər”, – deyən H. Yakışıklı sözlərini belə yekunlaşdırıb:
“Türkiyə ilə Azərbaycanın bütün sahələrdə izlədikləri siyasət Türk Dünyasının inkişafına və birliyinə xidmət edir. O baxımdan Pakistanla olan əlaqələr Avropaya qarşı ciddi bir alternativin yaranma ehtimalını ortaya qoyur. Xüsusilə, Qarabağ zəfəri yeni dönəmin işarəsi və yeni zəfərlərin müjdəçisi idi. İnanıram ki, Suriya, İraq və digər dövlətlərin də dəstəyi olarsa, bu ittifaq daha yaxşı yerlərə gələ bilər”.












