!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Çin liderlərinin GÖRÜŞÜ: "Zəngəzur dəhlizi Pekinin maraq göstərdiyi..."

!Reklam – Yazi

“Bu günə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin çatdırılması və tranzitinin logistikasında kifayət qədər səmərəlilik yoxdur. Vahid tarif yanaşması, infrastrukturun uyğunlaşması, prosedurların asanlaşdırılması, yüklərin dəmiryoldan bərəyə və yenidən vaqonlara yüklənməsi çətinliyi var. Çin bu problemlərin həllinə stimul verməkdə maraqlıdır”.

Bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Çin rəhbərinin görüşü və nəqliyyat dəhlizlərinin açılma ehtimalını şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zaur İbrahimli bildirib ki, Zəngəzur dəhlizi də Pekinin maraq göstərdiyi layihə kimi dəyərləndirilə bilər:

“Rusiyanın sanksiyalarla təcrid olunması Moskva ilə yanaşı, Pekin üçün də logistika problemləri yaradıb. Çin Rusiya üzərindən Avropa ölkələri ilə dəmiryol vasitəsilə ticarət aparılması sistemini son illərdə səmərli şəkildə qurmuşdu. Rusiyanın inkişaf etmiş infrastrukturu, həmçinin Rusiyanın özündən Çinə ixracın miqyası bu marşrutları Pekin üçün əlverişli edirdi. Rusiyanın Ukraynaya hücumundan sonra yeni logistik marşrutların yaradılması ilə bağlı çağırışlar meydana gəlib. Bu şəraitdə Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə keçən beynəlxalq nəqliyyat dəhlizi – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yenidən aktuallaşıb. Çin üçün nəqliyyat risklərini azaltmaqdan ötürü bu, yaxşı alternativdir. Müasir şəraitdə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün median dəhlizi də, xüsusilə aktuallaşıb. Bu marşrut üzərində yerləşən ölkələr də yeni dövrün tələblərinə uyğunlaşmağa çalışırlar.

Avqustun 19-da Türk Dövlətləri Təşkilatının katibliyi İstanbulda Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistanın müvafiq qurumlarının nazir müavinləri səviyyəsində “Nəqliyyat Koordinasiya Komitəsi”nin xüsusi iclasını təşkil edib. Cəlbediciliyi ilə yanaşı, bu marşrutun kifayət qədər ciddi çətinikləri də var. Bu günə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin çatdırılması və tranzitinin logistikasında kifayət qədər səmərəlilik yoxdur. Vahid tarif yanaşması, infrastrukturun uyğunlaşması, prosedurların asanlaşdırılması, yüklərin dəmiryoldan bərəyə və yenidən vaqonlara yüklənməsi çətinliyi var. Çin bu problemlərin həllinə stimul verməkdə maraqlıdır. Lakin bu ölkələr də təşəbbüskar olmalıdırlar. Bu marşrutun tərkib hissəsi kimi Zəngəzur dəhlizi də Pekinin maraq göstərdiyi layihə kimi dəyərləndirilə bilər. Bu, Türkiyəyə və oradan da Avropa, yaxın Şərqə alternativ çıxış imkanı yarada bilər. Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində konkret olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud Zəngəzur dəhlizi məsələləri müzakirə olunmasa da, ümumi ticarət məkanı formalaşdırılması, ölkələr arasında iqtisadi əlaqələrin inkişafı məsələləri kontekstində nəzərdən keçirilib.

Azərbaycanın dövlət başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə bu məsələləri qeyd edib. Düşünürəm ki, Çinin daha çox töhfə verməsinə nail olmaq mümkündür, lakin Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi və nəqliyyat-logistika əməkdaşlığının intensivləşdirilməsinə ehtiyac var. Türkiyə bu istiqamətdə liderliyi üzərinə götürməli və Azərbaycanın potensialından daha dolğun istifadə olunması üçün imkanların yaranmasına töhfə verməlidir. Qazaxıstan çox maraqlı görünür, Nur-Sultanın ayrıca strategiyası da var, Azərbaycan və Türkiyə Gürcüstanı da təşviq etməklə Pekini daha sıx əməkdaşlığa cəlb etmək üzərində işləməlidir. Bu kontekstdə artıq Zəngəzur dəhlizi də Çinin daha çox maraq göstərdiyi layihələr sırasına daxil ola bilər”.

Səxavət Məmməd

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv