Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərakatının (QH) Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.
Bu barədə Yenicag.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Hindistan arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.
Tərəflər iki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, turizm, mədəniyyət, təhsil, nəqliyyat və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərinin mövcud olduğunu, bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi üçün siyasi məsləhətləşmələrin və ikitərəfli iqtisafi komissiya mexanizminin əhəmiyyətini qeyd ediblər.
Son bir-neçə il ərzində artan siyasi təmasların münasibətlərə müsbət töhfə baxımından vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə regionda cari vəziyyət, mövcud çağırışlar və imkanlar barədə məlumatlandırıb. Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsinin, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsinin hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb.
Nazirlər iki ölkə arasında münasibətlərdə çətinlik yaradan məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı şəkildə mövqeləri diqqətə çatdırıb, bu məsələlərin həlli istiqamətində dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
www.yenicag.az