Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin nəqliyyat və kommunikasiya naziri Kalıkbek Sultanovla görüşüb.
H.Orucov ölkələrimiz arasında nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıqdan danışıb, bu sahədə böyük potensialın olduğunu vurğulayıb.
Səfir qeyd edib ki, hazırda bu istiqamətdə bir neçə layihənin həyata keçirilməsi istiqamətində iş aparılır. Qırğızıstan Azərbaycanın “Azərspace-1” süni peykinin xidmətlərindən istifadə, “ASAN xidmət”in təcrübəsinin öyrənilməsi və tətbiqi, ölkəmizin informasiya texnologiyaları sahəsində çalışan şirkətlərinin Qırğızıstanda həyata keçirilən layihələrinə maraq göstərir.
Səfir bu il istifadəyə verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun imkanları və Qırğızıstan üçün faydaları haqqında ətraflı məlumat verib. Beynəlxalq arenada Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizi sahəsində ölkələr arasında uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.
Görüşdə bu sahələrdə birgə əməkdaşlığın reallaşması üçün qarşılıqlı səfərlərin təşkili istiqamətində səfirliyin rolu haqqında da söhbət aparılıb.
Nazir Azərbaycanla Qırğızıstan arasında nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın daha da inkişafı üçün həqiqətən də böyük potensialın olduğunu bildirib. O, Azərbaycanın tranzit potensialından Qırğızıstanın faydalanması, Böyük İpək Yolunun bərpa olunması, ölkədə istehsal olunan mallarını dünya bazarına çatdırması üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edilməsinin Qırğızıstanın maraq dairəsində olduğunu bildirib. K.Sultanov qardaş Azərbaycan və Qırğızıstan xalqları arasında bütün sahələrdə əlaqələrin bundan sonra da genişlənməsinə ümidvar olduğunu bildirib.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.