!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 30-40 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir - Müsahibə

!Reklam – Yazi

Bu gün ölkə üzrə qan azlığından əziyyət çəkən uşaqların sayı artmaqdadır.

Bizim qan azlığı kimi bildiyimiz bu anemiyalar isə çox ciddi fəsadlara, ağır xəstəliklərə və nəhayət, ölümə səbəb ola bilər.

Bəs bu xəstəliklərdən və onun gətirdiyi leykoz, leykemiya, talassemiya xəstəliklərindən qorunmağın yolları varmı? Hansı qidalardan istifadə edilməli, hansı qaydalara əməl olunmalıdır ki, orqanizmdə orqanların normal fəaliyyətini təmin edə biləcək qan miqdarı stabil olaraq qalsın?

Oxu.Az-ın bu və digər suallarını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hematologiya və Qanköçürmə İnstitutunun Uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Mireldar Babayev cavablandırıb:

– Son dövrlərdə qan azlığından və onun yaratdığı bir çox ağır xəstəliklərdən əziyyət çəkənlərin sayı artıb. Ümumiyyətlə, bu xəstəliyin yaranma səbəbi nədir?

– Bu gün, demək olar ki, bütün xəstəliklərin yaranmasının ilkin səbəblərindən biri anemiyalardır. Anemiya qan azlığı deməkdir. Bunun yaranmasının isə bir çox səbəbləri var. Biz bu səbəbləri irsi və sonradan qazanılmış anemiyalar olaraq iki hissəyə bölürük.

İrsiyyətlə bağlı olan anemiyalar uşaqların ilk aylarında, ilk yaşlarında aşkarlanır və bu səbəbdən də böyüklərlə müqayisədə, uşaqlar arasında anemiyanın rast gəlmə tezliyi daha çoxdur.

İkinci isə sonradan qazanılmış səbəblərdir. Bu gün uşaqlar arasında ən çox rast gəlinən dəmir defisitli anemiyalardır. Bunun yaranması ilk növbədə ananın sağlamlığına bağlıdır. Əgər ananın orqanizmində dəmir mübadiləsinin pozulması müşahidə edilirsə, bu birbaşa onun dünyaya gətirəcəyi uşağa təsir edəcək. Çünki hamiləlik dövründə qidalanmada yaranan problemlər və ya daha öncədən yaşadıqları dəmir çatmazlığı problemləri uşaqların anemiyalarla dünyaya gəlməsinə səbəb olur.

Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində bu xəstəlik geniş yayılıb. Elə ölkələr var ki, orada uşaqların 50 faizi dəmir defisitli anemiyadan əziyyət çəkir. Azərbaycanda isə 30-40 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir.

– Bəs irsi anemiyalar və sonradan qazanılmış anemiyalardan hansı daha təhlükəlidir?

– Sonradan qazanılmış anemiyalar özünü müəyyən yaşdan sonra büruzə verir və həkimə müraciət edən zaman onun yaranma səbəbləri araşdırılır. Daha sonra həmin istiqamətdə müalicə üsulu seçilir. İrsi anemiyalar isə birbaşa talassemiyanın, hemoqlapatiya, fermentapatiya, membranopatiya xəstəliyinin olmasından xəbər verir.

Bunlar eritrositlərlə bağlı olan problemlərin öyrənilməsidir. Qan azlığının kökündə birmənalı olaraq eritrositlərin kəmiyyət və keyfiyyət dərəcəsinin normadan aşağı olması dayanır. Buna görə ilk olaraq anemiyaların hansı qrupa aid olması yoxlanır.

Digər səbəblər isə qan yaranmanın pozulması ilə əlaqədar olur ki, bunun da əsası ana bətnində olan zaman başlayır. Uşaqlar dünyaya gələndən sonra 3-5 yaşlarında bu xəstəlik özünü büruzə verməyə başlayır. Sümük iliyində qan yaranmanın pozulması, aplastik anemiya, fankoni anemiya (bu anemiyadan əziyyət çəkən insanlar alçaq boy, sümük iliyi çatışmazlığı, leykemiya və başqa xərçəng növlərinə tutulma ehtimalının yüksəkliyi ilə seçilirlər) isə dərhal eritrosit kütləsi vurulmalıdır ki, orqanizmin normal balansı bərpa olunsun. Vitamin çatışmazlığı, B12 çatışmazlığı ilə əlaqədar yaranan anemiyalar da var.

– Bu qan xəstəliklərinin müalicəsindən alınan müsbət nəticələrdə başqa ölkələrlə müqayisədə artım varmı?

– Əlbəttə, dəqiq diaqnoz qoyulduqdan sonra doğru istiqamətdə aparılan müalicələr xəstəliyin gedişatını zəiflədir. Orqanizmdən asılı olaraq leykozdan tamamilə sağalan uşaqlarımız da olub. Əgər talassemiyadan söhbət gedirsə, onun daşıyıcı, yoxsa xəstə olduğu müəyyənləşdirilməlidir. Yaxud da Azərbaycanın bir sıra bölgələrində, xüsusilə Qəbələ, Oğuz, Şəki rayonlarında daha çox rast gəlinən oraqvari hüceyrə anemiyasını misal göstərmək olar.

Bu xəstəliklər hətta ölümlə nəticələnə bilər. Bu xəstəliklərin ilkin yaranma səbəbləri eyni olsa da, onların hər birinə eyni müalicə üsulu tətbiq etməklə nəticə əldə etmək olmaz. Eelə xəstələr var ki, onlara mütəmadi donor qanları vurulmalıdır. Əks təqdirdə həmin xəstələri itirə bilərik. Adını çəkdiyimiz xəstəliklərin daşıyıcılarına isə donor qanı (eritrosit kütləsi) köçürülmür. Sadəcə olaraq, qan yaranmasını sürətləndirən, qan parçalanmasının isə qarşısını alan dəmir tərkibli preparatlardan istifadə edilir.

– Dəmir defisitli anemiyalarla bağlı ölkədə vəziyyət necədir?

– Dəmir defisitli anemiyalara qadınlarda və azyaşlı uşaqlarda daha çox rast gəlinir. Bunun da bir çox səbəbləri var. Bura qidalanma, fizioloji qanitirmə, ət yeməmək halları daxildir. Kişilərdə isə mədə xorası, onkoloji proses, babasil və digər qanaxmalar nəticəsində yarana bilər.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, bu gün dünya əhalisinin 20 faizi dəmir defisitli anemiyalardan əziyyət çəkir. Erkən aylarda, yaşlarda olan uşaqların, demək olar ki, 50 faizi dəmir defisitli anemiyadan əziyyət çəkir. Məktəb yaşlı uşaqlar arasında isə bu anemiyanın rast gəlmə tezliyi 17,5 faiz təşkil edir.

– Anemiyaların ən ağır forması hansı dərəcə hesab olunur?

– Bilirsiniz, hər bir xəstəliyin müəyyən dərəcəsi var ki, o, qırmızı xətt hesab olunur. Bəzən xəstələr anemiya ilə müraciət edir. Analiz nəticələri göstərir ki, orqanizmdə hemoqlobin miqdarı 50-40 q/l-dir. Bu isə, təəssüf ki, anemiyaların təhlükəli hesab etdiyimiz üçüncü dərəcəsi deməkdir. Onlara təcili olaraq qan köçürülməsə, xəstəni itirə bilərik. Hemoqlobinin ideal miqdarı isə 160,7 q/l qəbul olunur.

– Bəs bu gün ölkədə leykoz xəstəliyindən əziyyət çəkən neçə uşaq var? Ötən illərlə müqayisədə artım varmı?

– Bu gün ölkədə leykoz diaqnozu ilə 220 nəfər uşaq qeydiyyatdadır. Hər il bu xəstəliklərlə bağlı 80 uşaq müraciət edir. İlkin olaraq xəstəlik araşdırılır. Müalicə üsulları 2-3 il çəkir. Bu müddət ərzində müalicə metodu doğru aparılarsa, xəstələr tamamilə sağlamlıqlarına qovuşurlar. Son 10-12 il ərzində leykozdan minlərlə uşaq tamamilə sağalıb.

– Leykoz xəstəliyindən ölən uşaqların sayı artırmı?

– Bu rəqəmlərdə artım olduğunu deməzdim. Əksinə, əgər dünyada kəskin leykoz diaqnozundan sağalan xəstələrin sayı 85 faizdirsə, ölkəmizdə 50-60 faizdir. Bu da dünyanın aparıcı ölkələri ilə müqayisədə normal rəqəmlərdir. Səhiyyə sistemi sürətlə inkişaf edir, inanıram ki, yaxın gələcəkdə bu fərq minimuma enəcək.

– Talassemiya xəstəliyi ilə doğulan uşaqların sayı artır.

– Təəssüf ki, bu, birbaşa insanlardan asıldır. Günümüzdə həmin xəstələrin evlənmələrinə də çox rast gəlinmir. Bir müddət əvvələ nəzər salsanız, görərsiniz ki, talassemiya xəstələri 13-15 il sonra dünyalarını dəyişirdilər.

Talassemiya xəstəsi olan cütlük bilməlidir ki, onların nikahından dünyaya gələcək uşaq birmənalı olaraq xəstə doğulacaq. Bu qərarı gözə alırlar və ona görə də bu gün talassemiya diaqnozu ilə doğulan uşaqların sayında artım müşahidə olunur.

– Bəs talassemiya daşıyıcısı olan şəxslərdə necə?

– Talassemiya daşıyıcı olan şəxsin övladı xəstə doğulmur. O, sadəcə, talassemiya daşıyıcısı kimi dünyaya gəlir. Əgər cütlüklərdən biri talassemiya daşıyıcısıdırsa, o, sağlam dünyaya gələ bilər. Çünki digər valideynin genini götürəcək. Ömrünün ilk 3-5 yaşlarında hemoqlobin aşağı olduğu üçün müəyyən çətinliklər yaşana bilər. Amma zamanla bütün bu problemlər aradan qaldırılacaq. Cütlüklərin hər ikisi talassemiya daşıyıcısıdırsa, uşağın daşıyıcı olaraq doğulması qaçılmazdır. Amma bu onun övladlarının xəstə doğulacağı demək deyil.

– Talassemiya daşıyıcıları olan cütlüyün dünyaya gələn uşağı neçə gün nəzarətdə saxlanılır?

– Həmin uşaqlar sağlam da doğula bilər, daşıyıcı olaraq da doğula bilər. Daşıyıcı olaraq doğulan uşaqlar isə 3-5 yaşlarına qədər həkim nəzarətində, müntəzəm yoxlamalarda saxlanılsalar da, sonradan normal həyat tərzinə qayıda bilərlər.

– Bu gün dünyanın müxtəlif ölkələrində 102 mindən çox göbək ciyəsi saxlanılır. Kök hüceyrələrin saxlanıldığı donor bankında Azərbaycanlıların da adı var. Avropalı mütəxəssislər deyir ki, göbək ciyəsindən alınan qan vasitəsilə 80 faizə yaxın qan xəstəliklərini müalicə etmək mümkündür. Bəs Azərbaycanda bu cür şəraitin yaradılması üçün hər hansı təşəbbüs varmı?

– Bəli, bu statistika var. Əslində, göbək ciyəsi deyil, ondan alınan qan donor bankında saxlanılır. Bu isə başqa şəxslərdən alınan qanla müqayisədə həmin adamın sümük iliyindəki hüceyrələrlə eyni olur. Bu, ondan donor kimi istifadəyə, sümük iliyi kimi köçürülməyə imkan verir. Deyərdim ki, bu qan xəstəliklərinin müalicəsində çox dəyərli və mühüm materialdır. Kök hüceyrələrin saxlanılması üçün xüsusi banklar yaradılmalıdır. Amma Azərbaycanda hələ bu istiqamətdə hər hansı bir layihə yoxdur. Yaxın gələcəkdə bu istiqamətdə, yəqin ki, hər hansı bir tədbirlər görüləcək.

COP29

www.yenicag.az

4113
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv