Azərbaycanda balıq ovu qadağaları: Cərimə, yoxsa ov mədəniyyəti?

media-hightechnic-468x90

Azərbaycanda balıq ovuna tətbiq edilən mövsümi məhdudiyyətlərə və qadağalara baxmayaraq, qanunsuz və plansız ovçuluq halları hələ də aktual problem olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyəti yalnız cərimələr və inzibati tədbirlərlə kökündən həll etmək mümkün deyil. Əsas məsələ cəmiyyətdə ov mədəniyyətinin formalaşdırılması və insanların bu sahəyə yanaşmasının köklü şəkildə dəyişməsidir. Əks halda, su bioresurslarının tükənməsi və ekoloji balansın pozulması qaçılmaz ola bilər.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, balıq ovu digər canlıların ovlanması kimi müəyyən qayda və etik çərçivədə həyata keçirilməlidir:

“Balıq ovu, digər canlıların, quşların və heyvanların ovlanmasında olduğu kimi, xüsusi bir mədəniyyətə söykənir. Canlıların döllənmə və artım dövründə ovlanma mütləq dayandırılmalıdır. İnsanlar – istər peşəkar balıqçı, istərsə də həvəskarlar – bu qadağanı tək cərimə qorxusu ilə deyil, daxili məsuliyyət hissi ilə qəbul etməlidirlər. Yəni, qadağanı dövlətdən əvvəl ovçular özləri tətbiq etməlidir. Təəssüf ki, bizdə bu qaydalara uzun müddətdir lazımi səviyyədə əməl olunmur”.

Ekoloq qeyd edib ki, bəzi hallarda ov mövsümündə belə nəzarətsiz və kütləvi ov halları müşahidə olunur ki, bu da təbiətə ciddi zərbə vurur:

“Hətta ov mövsümündə belə, icazə verilib-verilməməsindən asılı olmayaraq, sanki bir ‘qətliam’ baş verir. Vaxtilə balıqları dinamit, elektrik və müxtəlif kimyəvi maddələrlə məhv edirdilər. Bu gün də fərqli üsullarla plansız ovçuluq davam edir. Bu isə həm balıq ehtiyatlarının sürətlə azalmasına, həm də su hövzələrinin ekoloji vəziyyətinin pisləşməsinə səbəb olur”.

Qorxmaz İbrahimli vurğulayıb ki, ovçuluq yalnız qazanc və ya istirahət vasitəsi deyil, həm də ənənəvi və məsuliyyət tələb edən bir fəaliyyət kimi qəbul olunmalıdır:

“Bu, bir törən olmalıdır. Balıq mövsümünün açılışı da, bağlanması da xüsusi qayda ilə qeyd edilməlidir. Məsələn, qardaş Türkiyədə biz bunun şahidi oluruq. Qadağa dövründə ovçular boş dayanmamalı, avadanlıqlarını yeniləməli, yeni mövsümə peşəkar şəkildə hazırlaşmalıdırlar. Bu yanaşma formalaşmasa, problemin qarşısını almaq çətin olacaq”.

Ekspertin fikrincə, ekoloji problemlərin həlli üçün maarifləndirmə tədbirləri genişləndirilməli, xüsusilə gənc nəsildə təbiətə qarşı məsuliyyət hissi gücləndirilməlidir. Yalnız dövlət nəzarəti deyil, ictimai qınaq və fərdi məsuliyyət də bu sahədə həlledici rol oynamalıdır.

Mütəxəssislər yekun olaraq bildirirlər ki, su bioresurslarının qorunması və davamlı istifadəsi üçün həm qanunvericilik mexanizmləri sərtləşdirilməli, həm də ovçular arasında etik davranış qaydaları təbliğ edilməlidir.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05