“Dövlət sektorunda 5 günlük fəaliyyət rejimini saxlamaqla, iş vaxtının azaldılmasını həyata keçimək olar”.
Bu fikirləri Azərbaycandakı iş rejiminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması imkanlarını dəyərləndirən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda iş rejiminin normal beynəlxalq standartlara uyğunlaşmamasının əsas səbəbi işsizlik səviyyəsinin yüksək olmasıdır:
“Azərbaycanda iş rejiminin normal beynəlxalq standartlara uyğunlaşmamasının əsas səbəbi əmək bazarında ciddi təklif bolluğu və və işsizlik səviyyəsinin yüksək olmasıdır. Bu da işəgötürənlərə öz qaydalarını diktə etmək üçün əlverişli şərait yaradır. Orta aylıq əməkhaqqının az olması da vətəndaşları bütün həftə boyu çalışmağa məcbur edir. Yəni seçim imkanı məhdud olduğuna görə indiki ağır əmək şəraiti formalaşır.
Bu gün transformasiya məsələsində müəyyən imkanlar var və bunu ilk növbədə dövlət sektorunda tətbiq etmək olar. Dövlət sektorunda 5 günlük fəaliyyət rejimini saxlamaqla, iş vaxtının azaldılmasını həyata keçimək olar. Bu addım, xüsusilə, Bakı şəhərində tıxacların qarşısının alınmasına da müəyyən qədər müsbət təsir göstərə bilər. Çünki bu sektor kifayət qədər böyükdür.
Məsələn, Türkiyə ilə müqayisədə Azərbaycanda dövlət sektorunda çalışanların sayı ümumi nisbətdə 8 dəfə çoxdur. Burada həddindən artıq şişirdilmiş iş yerləri var. Bu məsələ həm də sosial xarakter daşıyır. Bəzən belə izah olunur ki, bu siyasıt işsizliyin qarşısının alınması məqsədilə həyata keçirilir. Əgər belədirsə, o zaman məhsuldarlığı təşviq etməklə, iş saatını qısaltmaq olar. İş saatının qısalması da həftəlik iş saatlarının azalmasına və inkişaf etmiş təcrübələrə uyğunlaşmasına gətirib çıxara bilər”.
Ekspert iş saatının azaldılması üçün özəl sektorda da geniş imkanların olduğunu vurğulayıb:
“Özəl sektorun özündə də məsafədən çalışıla biləcək kifayət qədər iş yerləri var. Bu aspektdə işə gəlib-getmə, qidalanma xərclərinin azalması işçilərin daha aşağı maaşla işləməyə razılaşmasını və işçi təklifinin artmasını təmin edə bilər.
İnkişaf etmiş əmək bazarının, o cümlədən, əmək hüquqlarını müdafiə təşkilatlarının təşəbbüsü ilə ictimai müzakirə aparılaraq belə bir transformasiyanı mərhələli şəkildə həyata keçirmək mümkündür”.
İsmayıl Bakuvi
www.yenicag.az