Yerli IT ekosisteminin nümayəndələrini tez-tez Azərbaycanda IT sahədə iş barədə suallar maraqlandırır.
“Ən çox tələbat nəyədir?”, “müəyyən vəzifənin məvacibi nə qədər olmalıdır?”, “hansı texnologiyalar aktiv istifadə olunur?”, “tələbat nəyədir?” və sair bənzər suallara cavab tapmaq üçün bu sahənin əsas üzvləri olan – proqramçılar arasında kiçik bir sorğu keçirdik. Sorğu onlayn formada və iştrakçıların anonimliyini qorumaq şərti altında keçirilmişdir. İştrakçıları sorğunun konfidensiallığında əmin etmək üçün sorğuda heç bir e-mail, əlaqə nömrəsi, işlədiyi müəssənin adı soruşulmamışdır. Proqramçıların yer aldığı xüsusi qruplarda keçirilən bu sorğuda toplam 169 nəfər proqramçı iştirak etdi. Sorğunun nəticələrini şərh edərək sizlərlə bölüşürük.
Azərbaycanda bilinən texnologiyalar
Hesablamalara ilk öncə yerli proqramçıların hansı biliklərə yiyələnmiş olduqlarını öyrənməkdən başladıq. Qeyd edək ki, aşağıda gördüyünüz cədvəldə dil və ya “framework” kimi bölünmələr yoxdur. Söhbət ümumən bütün sahə ilə əlaqədar olan texniki biliklər barədədir. Cədvəl faiz dərəcələri əsasında formalaşıb. Məsələn, sorğuda iştirak etmiş 169 nəfərdən 87.6 faizi HTML texnologiyasını bildiyini qeyd edib.
İş yerlərində istifadə olunan texnologiyaların reytinqi
Sorğunu tərtib edərkən bilərəkdən proqramçıların bildikləri texnologiyalar hissəsi ilə iş yerlərində onlardan tələb olunan texnologiyaları ayırdıq. Məsələ burasındadır ki, adətən proqramçılar biliklərə tələbat əsasında yox, maraq nəticəsində yiyələnirlər. Məsələn, yuxarıdaki cədvəldə gördüyünüz kimi iştirakçılardan 2.4 faizi GO proqramlaşdırma dili bilirlər, lakin yalnız 1.2 faizi bu biliklərini iş yerində istifadə edir. Bu o deməkdir ki, ya proqramçı bu dili şəxsi marağı olduğu üçün öyrənib və ya dil ona öncəki iş yerində lazım idi. Aşağıdakı cədvəldə iş yerlərində istifadə olunan texnologiyaların sıralamasını görürsünüz.
Biliklərin yararlılıq göstəriciləri
Öncəki iki reytinqi “toqquşduraraq” yararlılıq göstəriciləri formalaşdırmağı qərara aldıq. Az öncə qeyd etdiyimiz kimi, əksər hallarda proqramçılar biliklərə tələbat əsasında deyil, maraq nəticəsində yiyələnirlər. Bəs bu marağ nə qədər özünü doğrulda bilir deyə bir sual ortaya çıxardıq. Və nəticədə hər iki reytinqi bir-biri ilə qarşılaşdırdıq. aşağıdakı qrafik bizə çox maraqlı nəticələr gösərir. HTML, CSS, PHP və Jquery kimi biliklər özlərini doğruldurlar. Mysql, Git və Bootstrap-ın istifadə faizləri çox sürətlə düşmüş olduğu üçün onların çox tanınmalarına nisbətən şirkətlərdə o qədər də zəruri olmadıqlarını görürük.
Linux ƏS az tanınır və istifadəsi də çox aşağıdır. Spring çox maraqlı nəticə göstərir. Bütün istifadə göstəriciləri aşağı düşməyə davam edərkən Spring sürətlə qalxıb özünə olan maraq dərəcəsinə yaxınlaşır. PHP OOP və Java müqaisələri də maraqlı nəticə göstərirlər. Sass texnologiyası isə təəssüf ki, ümumiyyətlə lazımsız kimi görsənir. Maraq nəticəsində çox bilinsə də, iş yerlərində tələbatın o qədər də olmadığını görürük. Yaxın qonşusu Python daha yüksək nəticə göstərir. Qrafikin ən sonunda olan Kotlin-i gözdən qaçırmayın. Az tanısa da və az tələb olunsa da tələbat bütünlüklə marağı qarşılamış olur, və bu texnologiyanın perspektivli olduğunu göstərir.
Sahə
Nəticələr onu göstərir ki, ölkədə tələbat ən çox web sahəyədir. Qlobal bazarda mobil tətbiqlər bumunun çoxdan bitdiyini, web texnologiyalarının isə durmadan sabit formada inkişaf etdiyini nəzərə alsaq, göstəricilərin belə olması heç bir təəccüb doğurmur. Həmçinin nəzərinizə çatdıraq ki, sahə olaraq oyun developerlərinin də mövcud olması bizim marağımızı cəlb etdi. Dünya bazarında “mobile app” sahəsinin getdikcə sırf mobil oyun və ya sadəcə oyun developmentinə tərəf meyilləndiyini bildiyimiz üçün yerli IT ekosistemdə də gələcəkdə oyun yaratmaq həvəskarlarının artacağına ümid edirik.
Yön
Burada hansı sahəyə baxsaq backend tərtibatçıların çoxluğunu görürük. Hətta maraqlı bir fakt ilə də qarşılaşdıq ki, frontend yönündə işləyənlər təcrübələrinin 3 ilə qədər olduğunu dedikləri zaman, daha çox təcrübəsi olan backender-lərin bilikləri sırasında frontend yönünün texnologiyaları az deyildi. Bununla biz yerli ekosistemdə bir növ zamanla “backend-ləşmənin” baş verdiyini deyə bilərik.
Əmək haqqı barədə
Mövzuya aid qruplarda, sosial şəbəkələrdə, iş elanı saytlarında şərh hissəsində tez-tez maaş ilə bağlı narazı fikirlərlə rastlaşırıq. Sorğuda toplanılmış məlumat əsasında hər bir vəzifə mütəxəssisinin nə qədər maaş aldığını müəyyən etmişik. Lakin bu suala cavab tapmaq bəlkə də toplanılmış məlumatlar üzərində gedən işin ən çətin məqamı idi. Çünki, eyni işə görə, eyni təcrübə və bilikləri olsa da bir işçinin 300 AZN digərinin isə 1000 AZN məvacib aldığı hallar çox idi. Bu səbəbdən qərar verdik ki, bu cədvəldə yalnız çox rast gəlinən və norma hesab oluna biləcək hallar nəzərə alınsın. Ona görə də məvacib mövzusunda sərbəst işləyənlər, freelance işləyənlər, yarım ştat işləyənlər, bu sahədə işçilərin sayı həddindən artıq az olanlar və istisna hallar nəzərə alınmamışdır. Nəticə etibarı ilə həmçinin DevOps yönlənməsi çıxılmışdır, frontend sahəsində isə yalnız 3 ilə qədər fəaliyyət göstərənlərin nəticələri nəzərə alınıb. Lakin müqaisəli məqamlardan birini cədvələ daxil etdik. Yuxarıdaki cədvəldən görüldüyü kimi web sahədə 3 ilə qədər backend developer olaraq işləyənlərin bir 35 faizi 500-800 manat arası məvaciblə işləməyi ilə eyni zamanda digər 35%-i 1000-1500 AZN məvacib ilə işləməyi üstün tuturlar.
Biliklər necə əldə olunur
İşrtirak edənlərin 87 faizi bilikləri YouTube, Github, Manual və sair kitablardan əldə etdiklərini qeyd ediblər. Ali təhsil isə yalnız 30 faiz hallarda faydalı olub. Bu nəticələrə əsaslanaraq sizə bir xoş və bir pis xəbər verə bilərik. Yaxşı xəbər: Ölkədə IT sahəsində mütəxəssis olmaq üçün və uğurlu iş ilə təmin olmaq üçün Ali təhsil zəruri deyil. Pis xəbər: Bu nəticələr bizə Ali təhsil müssələrində tədris proqramının hətta kurslar ilə müqaisədə də geridə qaldığını və mütəxəssisin yetişməsində yalnız 30% rol oynadığını göstərir.
Yaş
Nəticələr bizə bu sahədə 22-25 yaş aralığında olan şəxslərin çoxluq təşkil etdiyini göstərir. 18-21 yaşlarında olan gəclər isə 22.5 faizdir.
Cins
Yerli poqramçılar arasında cins çoxluğun kişilərə tərəf olması təəccüblü deyil. Məqsədimiz fərq dərəcəsini öyrənmək idi. Həmçinin tolerantlıq naminə cins sualında LGBT seçimini də qoymuşduq. Nəticə: Kişi: 91,1%, Qadın: 7.1%, LGBT: 1.8%
Tanışlıq
Ölkədə IT sahə kiçik olduğu üçün şirkətlər tez-tez kadrları soruşub, axtararaq cəlb edirlər. Bu müxtəlif tədbirlərdə iş tanışlıqları, dost və ya rəqib şirkətlərin araşdırılması və sosial şəbəkələr sayəsində baş verir. Həmçinin iş üçün müraciyət etmiş şəxsin mütəxəssislik dərəcəsinin müəyyən edilməsinin şirkətlər üçün çətin olduğu üçün şirkət rəhbərləri adətən mövcud işçilərdən tanıdıqları mütəxəssisləri yeni vakansiyaya cəlb etmələrini istəyirlər. Bu dediklərimiz sorğu iştirakçılarının 43% bəli cavab vermələrində də özünü təsdiq edir. Ona görədə proqamçılara özlərinə qapanmamalarını, sosial şəbəkələrdə aktiv olmalarını, işləri ilə əlaqədar tədbirlərdə iştirak etmələrini və ən əsası bacarıqlarını göstərməkdən çəkinməmələrini məsləhət görürük.
/Ttechnote.az/
www.yenicag.az