“Qanuni əsaslar olduqda, heç bir sığorta şirkəti öz öhdəliyindən boyun qaçıra bilməz”.
Bu fikirləri ölkədə sığorta məsələsinə laqeyd yanaşılmasının səbəbləri haqda danışan ekspert İlkin İbrahimov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, insanların sığortaya maraq göstərməməsinin əsas səbəbi bu barədə yetərli məlumata malik olmamalarıdır:
“Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, Azərbaycanda hər il sığorta yığımlarında ən azı 20 faiz artım qeydə alınır. Konkret desək, bu il ölkədə sığorta üzrə yığımları 1 milyard manatı keçib.
Bu statistikaya əsasən deyə bilərik ki, sığortaya maraq ildən-ilə artır. Lakin sığortaya maraq göstərməyən insanların sayı da kifayət qədər çoxdur. Düşünürəm ki, vətəndaşlar arasında sığortanın mahiyyəti ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.
Sığorta barədə informasiyanın az olması və ya sığorta şirkətləri ilə bağlı yaranan mənfi rəylər insanları çəkindirir. Qanuni əsaslar olduqda, heç bir sığorta şirkəti öz öhdəliyindən boyun qaçıra bilməz. Vətəndaşlar öz hüquqlarını bilməli və belə mənfi hallar yaşandıqda, mütləq hüquqşünaslara müraciət etməlidir”.
Nuray Məmmədzadə
www.yenicag.az