!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda sperma ehtiyatları formalaşdırılır: Bütün informasiyalar məxfi saxlanılacaq - MÜSAHİBƏ

!Reklam – Yazi

Müasir dünyada sonsuzluq problemi daha aktual xarakter almaqdadır. Bu bəladan can qurtarmaq üçün, dünyaya yeni həyat gətirmək üçün insanlar müxtəlif üsullardan faydalanırlar. Bir çox hallarda övlad sahibi olmaq istəyənlər sperma bankına müraciət edirlər. Burada göstəriciləri müəyyən şərtlərə uyğun gələn kişilərin sperması qorunub saxlanılır.

Dünyanın bir çox ölkəsində heç bir partnyoru olmadan ana olmaq istəyən qadınlar rahatlıqla sperma bankına müraciət edir. Azərbaycanda isə bu prosesi əsasən Mərkəzi Klinika həyata keçirir. Mövzu hər zaman aktual olduğundan suallarımızı Mərkəzin əməkdar həkimi, cərrah-ginekoloq, Mahirə İsmayılovaya ünvanladıq.

– Neçə yaşından sperma bankına donor qəbul edilir? 
– Bildirmək istərdik ki, respublikamızda sperma bankının yaradılması ilə bağlı qanunvericilik səviyyəsində hər hansı müddəa yoxdur və ya bunu qadağan edən bir hüquq norması da mövcud deyil. Aydındır ki, süni mayalanma prosesində bəzi hallarda sperma donoruna ehtiyac olur. Bu səbəbdən Mərkəzi Klinikada da müəyyən qədər sperma ehtiyatı formalaşdırılır ki, bu halda konkret şəxsin yetkinlik yaşı, ciddi irsi və tibbi meyarlar əsas götürülür.

– Sperma qəbulunda hansı kriteriyalar var?
– Sperma donoru olmaq istəyən şəxs sosial (ailə mənşəyini, milliyyətini, həyat tərzini, təhsilini və s.) və tibbi (sağlamlıq vəziyyəti, irsi və fiziki xüsusiyyətləri və s.) vəziyyətini bəyan etməklə əhatəli müraciət forması doldurur. Bundan sonra uyğun olan şəxslər seçilir və onlar üzərində fiziki və tibbi müayinələr həyata keçirilir. Donor ümumiyyətlə fiziki və əqli cəhətdən tam sağlam şəxs olmalıdır. Müəyyən olunmuş kriteriyalara uyğun olan şəxslər donor kimi qəbul edilir.

– Spermanı satan adam qarşılığında nə qədər pul alır? 
– Belə bir hal nəzərdə tutulmayıb, ancaq fikrimcə bu hal könüllülük prinsipi əsasında həyata keçirilməlidir.

– Qanunla necə tənzimlənir? Sonradan uşağını geri istəyə bilərmi?  
– Qanunvericiliklə müəyyən olunmuş qaydada Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti – həkim sirridir. Bu səbəbdən donor spermanın hansı qadına transfer olunması, ər-arvad isə donorun kimliyi barədə tam məlumatsızdır.

Eyni zamanda süni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə əsaslanmaq hüququ yoxdur. Embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ər-arvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz.

– Anonimlik necə qorunur? (Sənin uşağın kimdir, sən kimin uşağını götürmüsən?)
– Yuxarıdakı sualda qeyd etdiyimiz kimi, “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Praktikada isə bütün informasiyalar məxfi kodlarla kodlaşdırılaraq, etibarlı şəkildə qorunur.

– Spermanı alan şəxsin istəkləri necə təmin olunur? 
– Qanunvericiliklə qadın, süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan hakim tərəfindən verilir.

– Süni mayalanma prosesinin qiyməti nə qədərdir? 

– Süni mayalanma xidmətini müxtəlif hakimlər və müxtəlif dərman vasitələrindən istifadə etməklə, fərqli formalarda həyata keçirildiyindən, bu xidmətlərin qiymətləri də müxtəlifdir. Bu qiymətlər müəssisənin tibbi xidmət qiymətləri kitabçasında öz əksini tapmışdır.

– Tək qadına sperma satıla bilərmi? Evli cütlüklərin bir tərəfin istəyi ilə proses icra edilə bilərmi? 

– Qanunvericiliyə əsasən yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır. Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır.

– Sperma hansı şəraitdə donordan alınır? 

– Eyakulyat yaxud sperma dedikdə içərisində spermatozoidlər olan və xayaların, xaya artımlarının, toxum kisəciklərinin, prostat vəzi şirəsinin qarışığından ibarət kütlə başa düşülür. Spermanın diaqnostikası məhz spermoqramdan başlayır. Ona görə də spermanın necə və hansı şəraitdə götürülməsi aktual məsələdir. Baxmayaraq ki, mayalanmada bir spermatozoid iştirak edir, lakin hamiləlik olması üçün çox miqdarda sağlam və aktiv spermatozoidlərin olması vacibdir.

Spermoqram verməyə hazırlaşan kişi spirtli içki içilməməli, siqaret çəkməməli, isti vannada çox oturmamalı, normal qidalanmalı və normal yatmalıdır. 3 gündən az və 7 gündən çox olmayan cinsi sakitliklə verilməlidir. Eyakulyat götürülən qab steril olmalıdır və yalnız sperma (eyakulyat) üçün nəzərdə tutulmalıdır. Digər müayinələrin götürülməsi üçün nəzərdə tutulmuş qab yaxud konteynerlərdə toksiki maddələrin olması ehtimalı var ki, bu da eyakulyatın göstəricilərini dəyişə bilir. Eyakulyatı götürdükdən dərhal sonra qabın üzərində xəstənin adı, soyadı, götürülmə saatını yazmalıdır. Sperma nümunəsi laboratoriyaya yaxın, təmiz şəraitdə, otaq temperaturunda götürülməlidir.

Mənbə: Oxu.az

www.yenicag.az

3036
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv