Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycandan sonu görünməyən “BEYİN AXINI”: “Yetərli əmək haqqı və iş tapmaq problemi...”

“Dərsliklərimiz nəzəri tələblərə cavab versə də, vəziyyətin praktik tərəfi qətiyyən ürəkaçan deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) inkişafına mane olan amilləri şərh edən Marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov bildirib.

Alxan Xələfovun sözlərinə görə, Azərbaycanda İKT sahəsində ciddi irəliləyişlər müşhidə olunmur. Halbuki bu sahənin inkişafı ölkəmiz üçün əhəmiyyətli uğurlara yol aça bilər:

“Bu gün Azərbaycan informasiya-kommunikasiya texnologiyaları üzrə nəinki Avropa, heç Hindistan, Pakistan, Ukrayna kimi ölkələrlə də ayaqlaşa bilmir. Bunun əsas səbəbi orta məktəblərdən başlayır.

Tədris ocaqlarımızda kimya, biologiya və informatika dərsləri lazımi səviyyədə keçirilmir. Çünki müəllimlərimizin bu sahədə təcrübələri minimal səviyyədədir. Dərsliklərimiz nəzəri tələblərə cavab versə də, vəziyyətin praktik tərəfi qətiyyən ürəkaçan deyil.

Universitetlərdə isə durum daha da qəlizdir. Çünki universitetlərdə laboratoriyaların imkanları ciddi uğur qazanılmasına imkan vermir. Digər tərəfdən, universitetlərin müvafiq şirkətlərlə əməkdaşlığı olmadığına görə tələbələr əksər hallarda praktik yenilikləri mənimsəyə bilmirlər. Bundan başqa, Azərbaycanda elmin inkişafına ayrılan qrantların cüzi olması da vəziyyətə mənfi təsir göstərir”.

Ekspertin fikrincə, ölkəmizdə elmin inkişafına yetərincə diqqət ayrılmaması bu sahə üzrə xarici ölkələrdə təhsil almış tələbələrimiz üçün də müəyyən çətinliklər yaradır:

“Xaricdə təhsil alan gənclərimiz Azərbaycanda yetərli əmək haqqı və işlə təmin olunmaqda çətinlik çəkirlər. Ona görə də ölkədən “beyin axını” güclənir.

Bununla da dövlət vəsait ayıraraq, təhsil almağına dəstək olduğu gənclərdən mütəxəssis kimi yararlana bilmir. Əgər müasir standartlara uyğunlaşmaq istəyiriksə, elm və innovasiyaların inkişafına can atmalıyıq”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

528