Xəbər verdiyimiz kimi, Dövlət Dumasının deputatı Yana Lantratova Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalibin (Bəxtiyar Məmmədov) bu yaxınlarda Moskva və Sankt-Peterburqda keçirilməsi planlaşdırılan konsertlərinin ləğvini xahiş edib.
O, Jah Khalibi Ukrayna Silahlı Qüvvələrini açıq şəkildə dəstəkləməkdə ittiham edib.
Yenicag.az-ın “Regnum” agentliyinə istinadən məlumatına görə, ifaçının aprelin 25-də Sankt-Peterburqda baş tutmalı olan konserti ləğv olunub. Müvafiq sərəncamı “M-1 Arena”nın rəhbərliyi imzalayıb.
Bundan başqa, Jah Khalibin aprelin 23-də Moskvada “Crocus City Hall”da keçirilməsi gözlənilən konserti ləğv olunub. Bu barədə konsert meydançasının baş direktoru Roman Qraçov bildirib.
Maraqlıdır ki, Jah Khalibin çıxışlarının ləğvi barədə yuxarıda qeyd olunan konsert meydançalarının rəsmi səhifələrində məlumat yoxdur, eyni zamanda “M-1 Arena”nın afişasında reperin konserti artıq yoxdur, lakin “Crocus City Hall”ın afişasında konsert qalmaqdadır. Onu da qeyd edək ki, “Yandex Afişa”da hər iki konsertə bilet satışı davam edir.
Jah Khalibin özü məsələni şərh etmir.
www.yenicag.az