!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın hər yerində Rəsulzadənin heykəlləri ucaldılmalıdır" - Sabir Rüstəmxanlı

!Reklam – Yazi

Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirib.

Yenicag.az xəbər verir ki, tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, Vətəndaş İnkişafı Partiyasının (VİP) sədri Əli Əliyev, AĞ Partiya sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və bir sıra siyasətçilər, ictimai xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı bildirib ki, Məhəmməd Əmin Rəsulzadə haqqında bilmək hər kəsin haqqıdır:

“Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin son min ildə yetişdirdiyi ən dahi şəxsiyyətdir. Müsavat partiyasının yaranması birbaşa onun adı ilə bağlıdır. Onun fəaliyyəti burada narahatlıq yaradanda İrana gedib, orada Səttərxan hərəkatına qoşulub. İranda müasir mətbuatın əsasını qoyub. İran haqqında saysız-hesabsız yazılar yazıb və çap etdirib.

Rəsulzadə sonra Türkiyəyə gedib. Orada da yeni mətbuatın əsasını qoyanlardan olub. Sonra Rəsulzadə Bakıya gəlib, bir sıra qəzetlər açıb. Nəhayət Zaqafqaziya Seymi dağıldıqda Azərbaycan Cümhuriyyətinin əsasını qoydu. Osmanlı paşalarının dəstəyi ilə Azərbaycan ordusunun əsası qoyuldu. O, heç vaxt vəzifə arxasınca getmədi, ancaq dövlətin lideri olaraq qaldı”.

Sabir Rüstəmxanlı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin zamanında Qarabağ verilməmişdi:

“Onun zamanında Azərbaycanın sərhəddi Göyçə gölünün içərisindən keçirdi. Biz belə bir şəxsiyyəti unutmamalıyıq. İndiki Azərbaycan Cümhuriyyətin mirasıdır. Azərbaycanın bütün milli atributları onun zamanında yaradıldı. Ona görə də, bu gün o dövləti əziz tuturuqsa, Azərbaycanın hər yerində Məhəmməd Əmin Rəsulzadənin heykəlləri ucaldılmalıdır. O dövləti quranların hər birinin xatirəsinə heykəllər qoyulmalıdır”.

VHP sədri vurğulayıb ki, bu gün 135 illiyini qeyd etdiyimiz Məhəmməd Əmin Rəsulzadə 135 əsr sonra da xalqımızın ürəyində yaşayacaq.

Sabir Rüstəmxanlıdan sonra çıxış üçün söz alan VİP sədri Əli Əliyev bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin yetişdirdiyi şəxsiyyətlərdən biridir:

“Azərbaycan adı yaşadıqca, Azərbaycan dövləti var olduqca, Məhəmməd Əmin Rəsulzadə adı Azərbaycan adı ilə qoşa çəkiləcək”.

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxışında qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə bayraqla bizi birləşdirir:

“Bayrağımızda dəyərlər var. Ancaq bayrağımızdakı ilk rəng, mavi rəngin dəyərlərini daşıyan insanlar sıxışdırılır. Millətçi dəyərləri daşıyan şəxslər, türk adı, türk dili təqib olunur. Ancaq hər kəs bilməlidir ki, o bayraq bütün dəyərləri özündə əks etdirir və bizi birləşdirir”.

AĞ partiya başqanı Tural Abbaslı Məhəmməd Əmin Rəsulzadənin doğulduğu evin üzərindəki baralyef məsələsinə diqqət çəkib. Tural Abbaslı bildirib ki, 70 il Sovet hökuməti onun adını silmək istədi, ancaq bacarmadı:

“Rəsulzadə adını silməyi bacarmayacaqlar. Rəsulzadə və digərlərinin adı Azərbaycan adı ilə sinonimdir. Elə dəyərlər var ki, onlar siyasi mübarizə predmeti deyil. Azərbaycan var olduqca, daim xalqımızın ürəyindədir. Çox təəssüf ki, Məhəmməd Əmin Rəsulzadəyə nə zamanında, nə Sovet dövründə, nə də indi qiymət verilib”.

ADP sədri Sərdar Cəlaloğlu çıxışında Məhəmməd Əmin Rəsulzadənin yetişdiyi dönəmə baxılmalı olduğunu vurğulayıb. O, bildirib ki, Rəsulzadə Səttərxan hərəkatında yetişib:

“Məhəmməd Əmin Rəsulzadəni biz siyasətçidən daha çox, milli ideoloq kimi dəyərləndirməliyik. Rəsulzadənin böyüklüyünü kim qəbul edirsə, onun ideyalarını daşımalıdır. Rəsulzadə həm Stalinlə əməkdaşlıqdan, həm də Hitlerlə əməkdaşlıqdan imtina edib. Biz fəxr etməliyik ki, bizim belə tarixi şəxsiyyətimiz var”.

Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması üçün hakimiyyətə müraciət olunması təklif olunub.

Tədbir digər şəxslərin çıxışları ilə davam edib.

Səxavət Məmməd

www.yenicag.az

5697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv