Samir Hümbətov: “Azərbaycan nüfuzlu təşkilatlarla yanaşı, qonşu və digər dövlətlərlə də münasibətlərin yüksək səviyyədə olmasına üstünlük verir”.
Abutalıb Səmədov: “Əgər Azərbaycana qarşı ədalətsiz mövqedən əl çəkərlərsə, əməkdaşlığımız davam etdiriləcək”.
Dövlətimizin və xalqımızın maraqlarına əsaslanan, təhlükəsizliyin təmin olunmasına, həmçinin daim dəyişən beynəlxalq və regional proseslərə uyğun aparılan xarici siyasətin təməli məhz Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər, əldə etdiyi razılaşmalar, dünyanın güc mərkəzləri ilə apardığı müzakirələr sayəsində müstəqilliyini yeni bərpa edən Azərbaycanın qlobal siyasi arenada etibarlı tərəfdaş kimi etimad qazanmasına səbəb oldu.
Ulu Öndərin və davamçısı olan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 illik müstəqilliyi dövründə Azərbaycan istər region, istərsə də dünyanın müxtəlif ölkələri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə ikitərəfli və çoxtərəfli münasibətlər və əməkdaşlıqlar quraraq beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasına nail olub.
Mövzu ilə bağlı Yenicag.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Azərbaycan hər zaman həm regional, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığın tərəfdarı olub:
“Eyni zamanda, Azərbaycan nüfuzlu təşkilatlarla yanaşı, qonşu və digər dövlətlərlə də münasibətlərin yüksək səviyyədə olmasına üstünlük verir. Ancaq burada əsas məsələ beynəlxalq birliyin Azərbaycanla olan münasibətlərə necə baxmasıdır. Belə olduğu halda isə ikili standartların şahidi oluruq. Düzdür, beynəlxalq birlik tərəfindən Azərbaycanla əməkdaşlığı yüksək səviyyədə dəyərləndirən xeyli dövlət var. Onlar ölkəmizin beynəlxalq hüquq normalarını qoruduğunu hər zaman etiraf etsələr də, öz maraqları naminə Azərbaycanna qarşı qısqanclıq və kin hissi duyan qüvvələr də mövcuddur.
Son zamanlar başda Avropa Şurası Parlament Assambleyası (AŞPA) olmaqla, xüsusilə, Qərb təsisatlarının ölkəmizə qarşı sərgilədiyi antiAzərbaycan mövqe bunu deməyə əsas verir. Bununla belə, Azərbaycan hər zaman beynəlxalq birliklə inteqrasiyanı gücləndirməyə çalışır. Bu gün Azərbaycan MDB təsisatlarında, Şanxay Əməkdaşlıq Təşkilatında fəal iştirak edir, İslam ölkələri və təşkilatları ilə sıx əməkdaşlıq münasibətlərini saxlayır, Avropa ölkələri ilə strateji əməkdaşlığı genişləndirir – bir sözlə Azərbaycan beynəlxalq birliklə sıx inteqrasiya prosesindədir.
Düzdür, burada müəyyən boşluqlar ola bilər, ancaq buna səbəb qarşı tərəfin bizə münasibətdə sərgilədiyi mövqenin qəbuledilməzliyidir. Azərbaycanın nə qonşu, nə də digər dövlətlərlə heç bur problemi yoxdur. Hətta ölkəmizə qarşı qatı nifrət və düşmənçilik hissi bəsləyən Ermənistanla belə dialoq quraraq münasibətlərin yaxşılaşdırılması istiqamətində xoş niyyətimizi sərgiləyirik”.
Azərbaycanın beynəlxalq münasibətlər müstəvisindəki fəaliyyətini dəyərləndirən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəmiz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Qərb və Qərb strukturlarına inteqrasiya prosesində cəsarətli addımlar atıb:
“Həmin dövrdə ən böyük riski üstlənərək atdığı ilk addımı NATO, daha sonra isə Avropa Şurası ilə əməkdaşlıq istiqamətində oldu. O zamanlardan bəri məqsədimizin Qərbə və AvroAtlantik məkana inteqrasiya olduğunu dəfələrlə elan etmişik. Ən əsas olaraq, Ermənistanla münaqişənin həll olunmasına da Qərb platformalarında nail olmağa çalışdıq. Hətta Münxen konfransında Prezident İlham Əliyev Ermənistanla sülh proseslərinin gedişatında Qərb platformasının Azərbaycanı qane etdiyini diqqətə çatdırmışdı.
Ancaq son zamanlar Qərbin Azərbaycana qarşı tutduğu mövqe və apardığı ədalətsiz siyasət münasibətlərdə ciddi problemlər yaradıb. Türkiyə illərlə Avropa İttifaqının qapısında gözlədilib, indi isə Afrika ölkələri ilə eyni qrupa salınıb. Yəni birbaşa olaraq, Türkiyənin Avropa İttifaqına qəbul edilmək imkanlarının olmadığı mesajı verilib. Nəticədə isə İlham Əliyev Azərbaycanın Avropa İttifaqına girməkdə maraqlı olmadığını bəyan etdi. Səbəb isə hər kəsə aydındır.
Avropa Şurasının da 30 il ərzində işğalda qalan torpaqlarımızla bağlı Ermənistana bir kəlmə belə deməməsi onun Azərbaycana qarşı tutduğu mövqeni ən açıq şəkildə ortaya qoyur. Suverenliyini bərpa edən Azərbaycana qarşı sanksiyalar gündəmə gətirildi və Azərbaycanın nümayəndə heyətinin səlahiyyəti təsdiq olunmadı. Əgər Azərbaycana qarşı ədalətsiz mövqedən əl çəkərlərsə, əməkdaşlığımız davam etdiriləcək. Azərbaycanın beynəlxalq birliklə inteqrasiyada əsas şərti ədalət və qərəzsiz münasibətdir. Bu meyarlara cavab verən ölkələrlə Azərbaycan hər zaman uzunmüddətli əməkdaşlığı davam etdirəcək”.
Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.
www.yenicag.az