!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı fenomenal rəssam: “Məni çox incitdilər” - Video,Fotolar

!Reklam – Yazi

Onun barəsində söz düşəndə “bu dünyanın adamı deyil”, deyirlər. Öz aləmi, hadisələrə, əşyalara, hətta adi daş parçasına belə öz baxışı var. Onunçün dağlar, ağaclar, hətta balıqlar belə danışır. O, təbiətin harmoniyasını, hərarətini hər an damarlarında hiss edən bir insandır. Yaratdığı tablolar dünyanın bir çox məşhur kolleksionerlərinin şəxsi muzeylərində saxlanılır, qalereyalarda nümayiş olunur. Bir əsəri isə Vatinkan muzeyindədir.

Əsrlərin daş yaddaşı olan İçərişəhərə yolu düşənlər Kiçik Qala küçəsi 84 ünvanında yerləşən bir evin qarşısında mütləq ayaq saxlayar, gördükləri qeyri-adi mənzərədən riqqətə gəlib, heyrətlərini gizlədə bilməz, heyranlıqlarını bildirərlər. Bu evin qarşısından etinasız ötmək mümkün deyil. Bura – azərbaycanlı rəssam, fenomenal insan Əli Şəmsinin şəxsi emalatxanasıdır.

Açığı, onu görəcəyimə ümid etmirdim. Deyilənə görə, rəssamı tapmaq müşkül məsələdir. Səfərləri, görüşləri o qədər olur ki… Amma deyəsən, bəxtim gətirdi. Uzaqdan görən kimi tanıdım: uzun saçlarını arxadan yığmış, ayaqları yalın olan Əli Şəmsi emalatxanasının qarşısındakı gülləri sulayırdı.

Əvvəlcə yaxınlaşmağa ürək etmirdim. Çünki eşitdiyimə görə, jurnalistlərlə arası yox idi. Yəqin o səbəbdən də özümü təqdim etmədən, içəri keçməyə icazə istədim.

“Buyurun”, – dedi, – “Qapım üzünüzə açıqdır”. Əli Şəmsinin hücrəsi iki kiçik otaqdan, amma bütöv bir dünyadan ibarətdir. Burda onun rəsm əsərləri, müxtəlif illərdə topladığı adi məişət əşyaları, naldan tutmuş təsbehə qədər hər şey var. Bizim lazımsız hesab edib, atdığımız əşyalar rəssamın emalatxanasında tamam fərqli anlam daşıyır. Sanki burda zaman dayanır və insan gördüklərinin sehrinə dalıb, gözünü dəqiqələrcə divardakı kompozisiyalardan, tablolardan ayıra bilmir.

Ən maraqlısı isə odur ki, Əli Şəmsi təkcə bu hücrənin içini deyil, çölünü də eyni şövq və həvəslə bəzəyib. Gözümə fasada yapışdırılmış ayaqqabılar dəyir. Rəssamın fəlsəfi izahı heyrətamizdir:

“ Qadın cavan olanda kişi onun arxasınca düşür, yaşa dolanda isə qadın kişinin…”.

Əli Şəmsi olduqca maraqlı insandır. Dediyinə görə, onun barəsində bir çox xarici jurnallar, hətta National Geographic dərgisi də yazıb.

“Mənim ilk fırçam mismar olub. Götürüb divarda ağac şəkli çəkmişəm. Təbiətin vurğunuyam. Xüsusən də dağları sevirəm. Həyatımda, tablolarımda dağların xüsusi yeri var. Onlar bir fəlsəfədir.”

Fikirləri yarımçıq qalır. Yoldan keçənlər ona yaxınlaşır, salamlaşıb, hal-əhval tuturlar.

“Tanışlardır. Gün ərzində o qədər insanla görüşürəm ki… Hərənin öz aurası, öz sevgisi var. Müsbət enerjini hiss etmək çox xoşdur”, deyir.

“Yəqin ayaqyalın gəzməyinizin də səbəbi təbiətin enerjisini hiss etmək üçündür?”

Gülür. Və gözləmədiyim cavabı alıram:

“Müdirim yoxdur, ona görə… Yəni özüm-özümün ağasıyam. Necə istəyirəm, elə də yaşayıram. 64 yaşım var. Heç vaxt çərçivəyə sığmadım. Heç kim də deyə bilməz ki, bunu belə etmə, belə et. Mənim bir sahibim var: (əli ilə göyə işarə edir) o da Allahdır”.

Növbəti sual istər-istəməz dilimdən çıxır:

“Bəs bu cür fərqli emalatxana yaratmaq ideyası nədən doğdu?”

Üzümə baxıb, gözlərini qıyır:

“Bağışlayın, mən heç sizdən soruşmadım. Siz kimsiz?”

Etiraf etməli oluram: “Jurnalistəm”.

Üzünün ifadəsi dəyişir:

“Bayaqdan bilsəydim… Heç bir kəlmə də danışmazdım” – deyir.“Mən də elə bunu bildiyim üçün sizə kim olduğumu demədim”.
“inciməyin, xanım. Sizdən çox-çox üzr istəyirəm, amma mən jurnalistlərlə nəinki danışmaq, heç bir kəlmə də kəsmək istəmirəm”.

“Axı niyə? Məgər hamı eynidir?”, deyə israr edirəm. O isə artıq heç nə demədən, başını bulayır və… uzaqlaşır. Amma mən onun pıçıltıya bənzər səsini eşidirəm:

“Jurnalistlər məni çox incitdilər, çox…”.

İçərişəhərin qəmbərli küçəsində, düz yolun ortasında duruxub qaldım. Və bu an nədənsə gözlərim Əli Şəmsinin bəzək vurduğu “Qız ağacı”na sataşdı. Elə bil o, mənə baxıb gülümsəyir, “sahibinə” görə üzrxahlıq edirdi.

Zakirə Zakirqızı

 

www.yenicag.az

8243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv