Azərbaycanlı məşhur MÜFLİS OLDU: "Dolların üzünü televizorda görürəm"
Azərbaycanın milli bayramı sayılan Novruzun atributlarından olan Kosa obrazının ifaçısı Qafar Novruzlu təəssüratlarını Yeniçağ.az-la bölüşüb.
Kefsiz olduğunu deyən Kosa bazarının bağlandığından şikayətlənib.
– Mən əsrin kosasıyam, çox bayramlar yola vermişəm. Yaxşı günlərimiz çox olub. Amma indi vəziyyət elə də ürəkaçan deyil. Yalan nə deyim. İldən-ilə Novruz bayramını cılızlaşdırıblar. Camaatda heç bayram əhval-ruhiyyəsi yoxdur, buna görə mənim də əhvalım yüksək deyil.
– Niyə, nə olub ki, xurcunu doldurmurlar daha?
– Ay rəhmətliyin qızı, camaat özünü güclə dolandırır, kimdir bizə pay verən? Çəkilişlərə gedirəm, studiyada Allahın bir xonçası da yoxdur.
– İndiyə qədər xurcununuza qoyulan ən maraqlı hədiyyəniz nə olub?
– İki yumurta.
– Heç xurcuna pul qoyanlar olur?
– Camaat özü pul tapmır, kimdi bizə pul verən?
– Bəs nə vaxt xurcuna pul qoyurlar?
– Əvvəllər verirdilər, dollar da, manat da. Ən çox qazandığım məbləğ 200 manat olub. Amma indi dolların üzünü televizorda görürük.
– Onu kim vermişdi?
– O məslək sirridir.
– Heç sizi təhqir edənlər olub?
– Yox, yalnız meydan oyunlarında bir-birimizlə güləşmişik. Bilirsiniz ki, mən Ulu Öndərin ən sevimli kosası olmuşam. O, mənə dəyər verirdi, onunla yumurta döyüşdürmüşəm. Bir də Prezidentimlə yumurta döyüşdürmüşəm.
– Heç rəqibiniz var?
– Dərdimi təzələmə, indi bizi sayan yoxdur. Klonlar çörəyimizi əlimizdən alıblar. Bayram günü bizim personajların geyimində olurlar. Qalmışıq ortalıqda, çörək ağacımızı əlimizdən alıblar.
– Bəlkə diqqət çəkmək üçün bir qədər müasirləşəsiniz, onda bazarınız da olar?
– “Skayp”ım var, arada yazışıram. Amma “Vatsap”dan-zaddan başım çıxmır, mən qədimdənqalma kosayam.
Cəvahir Səlimqızı
Yeniçağ.az